Redaksiyadan: “İPƏKÇİ” QƏZETİNİN NƏŞRİ DAVAM EDƏCƏKDİR!

14 Oca 2010 10:06 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Hörmətli oxucular.
Məlumunuz olduğu kimi, “İpəkçi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Salis Məmmədovun ötən il yanvar ayının 29-da vəfat etməsindən sonra, qəzetimizin fəaliyyəti tam dayanmışdı və biz bu buraxılışla, düz 1 ildən sonra, “İpəkçi” qəzetinin nəşrini bərpa etmiş oluruq.
    Əslində, qəzetin nəşrini hələ sentyabr ayında bərpa etməyə çox yaxın idik, lakin texniki səbəblərdən o vaxt buna imkan olmadıı...
    “İpəkçi” qəzeti hal-hazırda özünün ən ağır dövrünü yaşamaqdadır, qəzetin nə redaksiya otağı, nə qəzet nəşrinə yetəcək maliyyə mənbəyi və nə də ki texniki bazası var. Artıq 1 ildir ki, biz rəsmi tədbirlərə də dəvət edilmirik... Lakin bütün bunlara baxmayaraq, biz bu fəhlə qəzetinin nəşrini davam etdirmək əzmindəyik! Biz, yenə də və daima, mərhum sabiq prezident Heydər Əliyevin dediyi kimi, haqq-ədalət uğrunda mübarizə aparacağıq, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmağa şalışacağıq!
    Biz, “İpəkçi”nin ənənələrinə sadiq qalacağıq, yenə də və daima Şəki və Azərbaycan ipəkçilərinin hüquqlarını müdafiə edəcəyik, Şəkinin və Azərbaycanın mədəni-siyasi, ictimai, iqtisadi həyatını işıqlandıracağıq və bu qəzetin uzun illər boyu qazandığı oxucu inamının itməməsinə, şöhrətinin daha da artmasına çalışacağıq.
     Həmçinin, arxivimizdə toplanmış materiallardan istifadə etməklə, “İpəkçi”nin nəşr olunmadığı müddət ərzində Şəkinin ictimai-siyasi, mədəni, iqtisadi həyatında baş vermiş dəyişiklikləri, “Şəki-İpək” ASC-nə aid dərc etmədiyimiz xəbərləri də, bir qədər gec də olsa, növbə ilə oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.
A. Məmmədov,
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266)
Comments