YAĞIŞDAN SONRA ÇIXAN GÖBƏLƏKLƏR, YAXUD FÖVQƏLADƏDƏ HALLAR NAZİRLİYİNİN ŞƏKİ QÜVVƏLƏRİ >>

20 Tem 2010 07:29 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Başqa yerləri deyə bilmərik, amma Şəkidə baş verən fövqəladə halların 99 faizi yağışla əlaqədar olur və yağışdan sonra necə göbələklər çıxırsa, Şəkidə də eləcə, demək olar ki hər yağışdan sonra Fövqəladə Hallar Nazirliyinin Şəki təmsilçiləri çıxırlar televiziya ekranına və bəyanat verirlər ki, bəs, dəymiş ziyanı hesablamaqla məşğuluq?! Amma nəyi və niyə hesablayırlar heç kim bilmir. İnanmaq olmur ki, Daşağıl kəndində, 7 toyuğunu, 1 xoruzunu seldə, türklər demişkən, “kayb etmiş” Fatma nənəyə 7 toyuğun və 1 xoruzun pulunu ruslar demişkən, “zaplatit” edəcəklər? Elə həmişə hesablayırlar, amma hələ ki, bir adam onların 1 qəpiyini görməyib, əgər veriblərsə də maraqlıdır ki, nədənsə, indiyə qədər televiziyada elan etməyiblər?! Bir də ki, əgər, təbii fəlakət nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanı Fövqəladə Hallar Nazirliyi ödəməlidirsə, o halda, bəs sığorta şirkətləri nəyə gərəkdir?!

 

1988-ci ildə Ermənistanda zəlzələ olanda, ermənilər yaxşı pul qazanmışdılar

 

Ağır texnika və xüsusi komissiya ilə zəlzələ baş vermiş əraziləri gəzirdilər. Gəlirdilər, görürdülər, Əhməd kişinin mal tövləsi bir az əyilib, çağırırdılar Əhməd kişini, əlbəttə, əgər hələ o vaxta qədər qaçmayıbdırsa, deyirdilər ki sənin bu mal damının heç 200-300 manat qiyməti yoxdur, gəl bunu uçuraq, yazaq ki, guya, burada qiyməti azı 30 min manat olan 2 mərtəbəli bir ev var imiş. Sən 30 min manata imza atacaqsan, biz isə sənə cəmi 10 min manat, özü də nağd, pul verəcəyik. Əhməd kişi də görürdü ki, sərfəli təklifdir, imza atırdı və 10 min manatı da sevinə-sevinə qoyurdu cibinə, gedirdi evinə.

Amma belə şeylər o vaxt yalnız Ermənistanda ola bilərdi, Azərbaycanda heç kimə 1 qəpik də verməzdilər. Məsələn, 30 il əvvəl Şəki şəhərində bir balaca sel oldu, “Əmanət kassası”nın arxasındakı 1 ev uçdu, heç nə vermədilər...

 

Fövqəladə hallarda Fövqəladə Hallar Nazirliyinin Şəkidəki nümayəndələri hara da olurlar?

 

Onlar da hamı kimi qaçırlar! Yəni fövqəladə hal baş verəndə, hamı Fövqəladə Hallar Nazırliyinin adını unutmalı və hamı öz başının çarəsini özü qılmalıdır. Fövqəladə hallarda ope rativ hərəkət üçün Səki şəhərində saxlanılan Fövqəladə Hallar Nazirliyi hərbi hissəsinin vəzifəsinin nədən ibarət olduğunu isə kimsə bilmir? Əgər onların vəzifəsi yağışdan sonra yolları palçıqdan təmizləməkdirsə, bu işi əslində, “komunxoz” işçiləri görməlidir. Deyilənlərə görə, bu hərbi hissə heç də Fövqəladə hallar üçün yox, əslində, pullu balalarının əsgəri xidməti üçün təşkil edilmişdir.
 
O vaxtlar Fövqəladə Hallar Nazirliyi yox idi, lakin fövqəladə hallarda heç kimi indiki kimi Allahın ümidinə buraxmırdılar
 

15 iyulda Şəkiyə bərk yağış yağdı. Qurcana çayı daşdı və Şəki şəhərində sel hadisəsi baş verdi. Burada qeyri-adi heç bir şey yoxdur. 20-30-ildən bir Qurcana çayı daşa bilər. Sonuncu dəfə 30 il əvvəl belə bir hadisə olmuşdur. Fizuli adına parkdakı yay klubunda, mərhum Məmmədbağır Bağırzadə konsert verirdi. Birdən bərk dolu yağdı, tamaşaçılar hamısı səhnəyə qalxmaqla məcbur oldular. Cəmi yarım saat ərzində yer üzü 40 sm. Qalınlıqda dolu ilə örtüldü. Qurcana çayı daşdı bir ev uçdu və sel suları, mərkəzi küçələrin bir çox yerində asfaltın altına nüfuz edərək, onu qırışdırdı, yaxud dağıtdı. Şəhər əhalisi başını götürüb qaçanda, rayon rəhbərliyi və bütün idarə müdirləri Qurcana çayının ətrafına toplanmış, cəmi, 5-10 dəqiqəyə bura tikinti təşkilatlarının xeyli ağır texnikası gətirilmişdi ki selin törədə biləcəyi növbəti fəsadların qarşısı alınsın. Bu hadisədən sonra Qurcana çayı heç vaxt daşmayıb. 1987-ci ildə Kiş çayı daşanda, rayondakı bütün ağır texnika Kiş çayının ətrafına cəmləşdirilmişdi. Rayon rəhbəri – Hadı Rəcəbov, şəxsən, çayın o biri tayında, köməksiz vəziyyətdə qalmış turistləri vertolyotlarla, bu taya gətirirdi. Nəisə...

Sözümüzün əsas məqsədi budur ki, o vaxtlar Fövqəladə Hallar Nazirliyi yox idi, lakin fövqəladə hallarda heç kimi, indiki kimi Allahın ümidinə buraxmırdılar...

 

Daşağıllılar bütün gecəni köməksiz halda dağda gecələyəndə, Fövqəladə Hallar Nazirliyi harda idi?!

 

Məsələn, iyunun 24-də, axşam saatlarında Şəki rayonuna bərk yağış yağdı, Daşağıl kəndini sel basdı. Sabahı gün, yerli televiziya göstərirdi ki, selin evlərinə doğru gəlməsini görən daşağıllılar, başlarını götürüb dağlara qaçıblar və xəstələr, körpə uşaqlarla birlikdə, bütün gecəni dağda gecələyiblər. Sel suları çəkiləndən sonra isə yenidən kəndlərinə qayıdıblar. Kəndə qayı-dandan sonra isə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri peyda olublar və başlayıblar “vətəndaşlara dəymiş zərəri hesablamağa”.

Sual oluna bilər, bəs daşağıllılar bütün gecəni köməksiz halda dağda gecələyəndə, Fövqəladə Hallar Nazirliyi harda idi?!

 

Analoji hadisədə yolu itirmiş şəxs həyatı ilə vidalaşmalı olmuşdu

 

Digər bir misal, iyunun 14-də Marxalda istirahət edən qonaqlardan biri, axşam saat 8 radələrində dağa qalxır. 2 saat sonra onunla telefon əlaqəsi kəsilir. Bu barədə Şəki Polis Şöbəsinə məlumat verilir, gəlirlər, baxırlar, deyirlər göz-gözü görmür, biz indi heç nə edə bilmərik. Həqiqətdə, doğrudan da elədir, burada heç bir cinayət hadisəsi baş verməmişdir və Şəki Polis Şöbəsindən də nəsə tələb etmək düz olmazdı. Bu fövqəladə bir hal idi. Vertolyotlar havaya qalxmalı və itmiş adam axtarılmalı idi. Düzdür, bu dəfə dağda itmiş adam səhər saat 8 radələrində öz ayağı ilə gəlib çıxa bildi, lakin, bir neçə il əvvəl baş vermiş analoji hadisədə yolu itirmiş şəxs həyatı ilə vidalaşmalı olmuşdu.

 

Belə çıxır ki, kimlərsə çayı şəhərə doğru axıtmaqda maraqlıdırlar

 

Nə isə... İndi yenə qayıdaq Qurcana çayının daşmasına. Qeyd elədik ki, Qurcana çayı bu il iyulun 15-də daşıb və bu 20-30 ildən bir baş verən təbiət hadisədir. Lakin maraqlıdır ki, sabahı gün, yəni iyulun 16-da, Şəkiyə yağmış adi bir yağış nəticəsində, Qurcana çayı yenə də daşdı. Bax bu artıq, həqiqətən, fövqəladə haldır, yəni rus demişkən, “çe-pe”dir! Bu Kür çayı deyil ki, desinlər, dibi lillə doludur, ona görə səviyyəsi qalxıb, yaxud ermənilər hansısa su anbarını su yunu buraxıblar ki sel olsun! Yəqin ki çayın ətrafındakı bəndin hansısa tərəfində zəif yerlər var, yaxud çayın yatağının hansısa yerində maneə əmələ gəlib, ona görə də yağış yağan kimi çay öz yatağından çıxıb, başlayır şəhərə doğru axmağa. Əgər bunun qarşısını, qəsdən, almırlarsa, belə çıxır ki, kimlərsə çayı şəhərə doğru axıtmaqda və yolların dağılmasında maraqlıdırlar.

Xəlil Əhmədov


"İpəkçi" qəzeti
Comments