Şəki və Qax şəhərlərində quldurluq cinayətləri törədən dəstə zərərsizləşdirilib >>

24 Nis 2010 13:07 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 APA-nın yaydığı məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Daxili İşlər Nazirliyi (DİN) tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq və quldurluq cinayətlərini törədən, eləcə də bu məqsədlə qanunsuz olaraq odlu silah, döyüş sursatı və qaz silahı əldə edən Azərbaycan vətəndaşlarından ibarət qabaqcadan əlbir olan bir qrup şəxs tutulub.
Bu barədə  MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumatda bildirilib. Saxlanılan şəxslər - Şahverdiyev Mehdi Kamal oğlu, Xəlilov İdris Şeyx oğlu, Dibirov Mehman Dibir oğlu, Əsgərov Ayaz Ələsgər oğlu, Abakarov Məhəmməd Mütəllib oğlu və Xudayev Vətən Rəcəb oğludur.
Müəyyən edilib ki, Şəki və Qax şəhərlərində quldurluq cinayətləri törətmək məqsədilə Mehdi Şahverdiyev istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxladığı «AK-74» tipli avtomat, Mehman Dibirov isə qaz silahı ilə silahlanaraq, qrupun digər üzvləri Ayaz Əsgərov və İdris Xəlilovla birlikdə, sonuncunun idarə etdiyi «BMW» markalı avtomobildə 2010-cu il aprelin 4-də gecə vaxtı Balakən rayonundan Şəki rayonu istiqamətində yola düşüblər. Həmin gün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 718 saylı stasionar postunun inspektorları tərəfindən saat 00:30-da içərisində qrupun adlarıçəkilən üzvlərinin olduğu açıq-aşkar şübhə doğuran «BMW markalı» avtomobil saxlanılıb, baxış keçirilərkən, Mehman Dibirov qanunsuz olaraq əldə edib gəzdirdiyi qaz silahı olan qaz balonunu inspektorlara qarşı tətbiq edib. Bundan sonra, Mehman Dibirov qaz balonunu, Ayaz Əsgərov isə Mehdi Şahverdiyevə məxsus «AK-74» tipli avtomat silahı yolun kənarına ataraq hadisə yerindən qaçıb gizlənməyə çalışıblar.
Keçirilmiş çevik tədbirlər nəticəsində Mehdi Şahverdiyev və İdris Xəlilov tezliklə yaxalanıblar. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Balakən rayonunun ərazisindəki meşə massivində gizlənən Mehman Dibirov və Ayaz Əsgərovda 2010-cu il aprelin 8-də yaxalanaraq istintaqa təhvil veriliblər. Qrupun üzvləri tutulduqlarına görə Şəki və Qax şəhərlərində konkret ünvanlar üzrə əvvəlcədən planlaşdırdıqları quldurluq əməllərini başa çatdıra bilməyiblər.
İş üzrə keçirilmiş istintaq hərəkətləri nəticəsində yeni xüsusatlar məlum olub, qrupun üzvləri tərəfindən əvvəllər törədilmiş digər cinayətlərin də üstü açılıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxslər Mehdi Şahverdiyev, Mehman Dibirov və qeyriləri əvvəlcədən hazırladıqları plana uyğun olaraq 2009-cu il dekabrın 10-da Ağdaş şəhər sakinləri Şıxıyeva Tənzilə Ağabala qızı və onun əri Məmmədov Nadir Məmməd oğlunun əmlaklarını ələ keçirmək məqsədilə evlərinə silahlı basqın edib, onların həyat və sağlamlıqları üçüntəhlükəli zorakılıq hərəkətləri tətbiq etməklə 40 min manat pullarını ələ keçiriblər.
Bundan başqa, Mehdi Şahverdiyevoğurluq, quldurluq və digər cinayətlərdə istifadə etmək üçün qanunsuz olaraq əldə edib saxladığı «AK-74» tipli avtomatla silahlanaraq, Vətən Xudayev və Mehman Dibirovla birlikdə Balakən rayonunun Katex kənd sakini Davudov Müslüm Murtuzəli oğlunun evinə basqın etmək məqsədilə 2010-cu il martın 30-da sonuncunun  həyətinə gəlmiş və evi güdməyə başlayıblar. Təxminən saat 21:30-da Müslüm Davudov qonaqları və ailə üzvləri ilə birlikdə evdən çıxıb getdikdən sonra, Mehdi Şahverdiyev özündə olan avtomat silahı Mehman Dibirova verərək ona pusquda dayanmağı tapşırıb, özü isə Vətən Xudayevlə birlikdə həyətdə olan dəmir lingdən istifadə edərək evin pəncərəsinin metal barmaqlıqlarını aralayıb içəri daxil olub və ev sahibinə məxsus pul və zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçıblar.
İş üzrə keçirilən istintaq hərəkətləri nəticəsində Mehdi Şahverdiyevin yaşadığı və işlədiyi «Balakən» mehmanxasındakı otağından 96 ədəd 5,45 və 20 ədəd 7,62 çaplı patron, eləcə də 25 ədəd «Makarov» tapançasının patronu və kustar üsulla hazırlanan kəsici və deşici xassəli 1 beşbarmaq, Mehman Dibirovun yaşadığı Balakən rayonunun Tülü kəndindəki evindən soyuq silah olan bıçaqlar və kustar üsulla hazırlanan qılınc və nizə, Məhəmməd Abakarovun həmin rayonunun Arılıq kəndindəki evindən isə 20 ədəd 5,45 çaplı patron, həmçinin evinin yaxınlığında gizlətdiyi Mehman Dibirova məxsus «TOZ-8» markalı tüfəng, ona aid 37 ədəd patron və 1 süngü-bıçağı aşkar edilərək götürülüb.
Göstərilən faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 177.2.1-ci və 177.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olma), 181.2.1-ci, 181.2.3-cü, 181.2.4-cü və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olma, zərər çəkmiş şəxsə xeyli ziyan vurma) maddələri ilə cinayət işinin istintaqı aparılır.
Mehdi Şahverdiyev, İdris Xəlilov, Mehman Dibirov, Ayaz Əsgərov, Məhəmməd Abakarov və Vətən Xudayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün halların araşdırılması, hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Comments