Fərzəli Qasımovun iddiası Avropa Məhkəməsinin icraatından çıxarılmışdır >>

12 May 2010 21:47 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
  Milli İstiqlal Partiyasının Şəki nümayəndəliyinin  rəhbəri olan Fərzəli Qasımov 5 noyabr 2000-ci il parlament seçkilərindən sonra 18 noyabr 2000-ci ildə Şəkidə icazəsiz etiraz aksiyası təşkil edənlərdən biri kimi   8 dekabr 2000-ci ildə həbs edilmişdi. O,  Cinayət məcəlləsinin 186, 233 və 315-ci maddələri ilə (“Əmlakı qəsdən məhv etmə və ya zədələmə”, “İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə”  və “Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə”)  təqsirli bilinmiş, 10 iyul 2001-ci il tarixdə  6 il azadlıqdan məhrum edilmiş, 2 il sonra - 11 fevral 2003-cü il tarixdə, isə prezidentin əfv fərmanı ilə azadlığa buraxılmışdı. Bundan sonra Fərzəli Qasımov  Avropa Məhkəməsinə şikayət etmişdir.  
   Hüquq Maarifçiliyi Cəmiyyətindən mayın 12-də verilən məlumata görə,
    Avropa Məhkəməsi 16 iyul 2009-cu ildə Hökumətin işlə bağlı mülahizələrinin Ərizəçinin nümayəndəsinə göndərmiş, öz qeydlərini və əvəzin ədalətli ödənilməsi barədə tələblərini 16 sentyabr 2009-cu il tarixinə qədər təqdim etməsini xahiş etmişdir.
    Lakin Fərzəli Qasımovun nümayəndəsi 20 avqust 2009-cu il tarixili məktubu ilə  yalnız ünvanının dəyişməsi barədə Avropa Məhkəməni məlumatlandırımışdır. 16 oktyabr 2009-cu il tarixdə Fərzəli Qasımovun nümayəndəsinə göndərilmiş təkrar məktubda Məhkəmə mülahizələrin təqdim olunması üçün nəzərdə tutulan müddətin 16 sentyabr 2009-cu il tarixdə bitməsi və vaxtın uzadılması üçün hər hansı müraciətin edilməməsi rəsmən bildirilmiş, eyni zamanda xəbərdarlıq edilmişdir ki, Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə əsasən, Məhkəmə Ərizəçinin şikayəti davam etməkdə maraqlı olmadığı qənaətinə gələrək şikayətin siyahıdan çıxarılması barədə qərar qəbul edə bilər. Fərzəli Qasımovun nümayəndəsi bu məktubu 23 oktyabr 2009-cu ildə alsa da, heç bir cavab verməmişdir.
   Bundan sonra Avropa Məhkəməsi Fərzəli Qasımovun şikayəti davam etdirməkdə maraqlı olmaması qənaətinə gəlmiş və 30 mart 2010-cu il tarixdə şikayətin icraatdan çıxarılması barədə qərar qəbul etmişdir.
Comments