Şəkidə arxeoloyi abidələri kimlər dağıdır? >>

24 Nis 2010 13:34 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Nəsib Muxtarov AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun Şəki qrupunun rəhbəridir. 1982-ci ildən arxeologiya ilə məşğul olur. Arxeoloq deyir ki, son zamanlar apardığı ekspedisiyalar ciddi maneələrlə qarşılanır.
Arxeoloq deyir ki, Prezident Dövlət Fondundan pul ayırıb və bu vəsaitlə 2 ildə 40-dan çox ekspedisiya işləyib. "Bəzi İcra Hakimləri, idarə rəhbərləri isə arxeoloqların işinə nəinki kömək edirlər, əksinə mane olurlar.  Biz Daşüz (Dış Oğuz) ərazisindəki kərpic zavodu tərəfindən dağıdılan abidələri xilas etməyə cəhd göstərdik. Lakin bizi oradan zorla çıxardılar. Onlar eşitmək belə istəmədilər ki, biz onların dağıtdıqları mədəni sərvətimizi xilas etmək istəyirik. Bu cür adamlarla hansı dildə danışasan? Ölkədə gedən mədəni siyasətdən, Azərbaycan Prezidentinin apardığı mədəniyyətdən dünyaya açılımların mahiyyətindən bixəbər bir insanlara nə deyəsən? Amma çox təəssüf ki, onların bu haqsızlığı ayaq tutub yeridi, bizim haqqımız ayaq altında qaldı. Bəziləri anlamaq istəmir ki, arxeoloq insanın, toplumun, bəşərin tərcümeyi-halını öyrənir, dəqiqləşdirir". Nəsib müəllim bunu ölüm ayağında olan xəstənin yanından həkimin uzaqlaşdırılmasına bənzədir. Ərazidə təmənnasız işləyən arxeoloqlar zavod rəhbərliyinin kobud münasibətini görüb nazirliyə müracit ediblər. Arxeoloqların harayına abidələri qoruyanlar, mədəniyyət şöbəsinin rəhbərləri də fikir verməyib: "Əsrlərdən bu zaman qədər gələn, e.ə. II minilliyini sonu, I minilliyin əvvəlinə aid mədəniyyət nümunəsi mədəniyyətiz münasibətin qurbanına çevrildi". Nəsib Muxtarov zavod ərazisindəki kurqanları öyrəndiyi zaman, oradan 4000 il əvvələ aid ibtidai samovar tapıb. O deyir ki, əhali zavod ərazisindən çıxarılan qabları öz evlərinə aparır. Ya ölkədən kənara, ya daxilində satılır: "Bu əraziyə gedəndə zavod rəhbərliyinə dedim ki, işçilərinizlə birlikdə camaatdan bu qabları geri alaq. Ya muzey açaq, ya da onları aparıb Diyarşünaslıq muzeyinə verək. Amma Murad müəllim buna fikir vermədi". Arxeoloq deyir ki, Mədəniyyət və Turizm Nazirliyinin mədəni irsin qorunması şöbəsinə yalandan məlumat verilib ki, həmin ərazidəki işi təzədən yaxşı hala salmaq üçün köməklik göstərirlər. Əslində isə heç bir köməklik göstərilməyib: "Icra Başçısı bizi ora qaytarmadı ki, işimizi davam etdirək. Təkcə bizim İnstitutun rəhbərliyi operativ münasibət göstərdi, komissiya gəldi, mövcud vəziyyət araşdırıldı və hansısa vəsait olsa biz orada işi davam etdirəcəyik". 
   
      
   Kotan Ağzina Verilən Kurqanlar 

   
   Arxeoloq həyəcan təbili çalaraq bildirir ki, Şəkinin Dəhnə kəndində də aşkarladığı nekropollar məhv olma təhlükəsi ilə üz-üzədir. Təxminən 90 hektarlıq ərazisi olan bu yerdə üstü daşlarla örtülü olan abidələrin daşları təmizlənib, torpağı əkib üzərinə toxum səpiblər: "Respublikamızda torpaq haqqında qanun var. Əvvəlcə bu işi edən insanlar torpağa qarşı belə qəddar münasibət göstərdiklərinə görə məsuliyyət daşıyırlar". N.Muxtarovun ekspedisiyası bu ərazidə kurqanların olduğunu aşkar edib. Təxmini hesablamalara görə, bu ərazidə 125 ədəd kurqan olub. Amma ərazinin əkilməsi ilə 100-dən çox kurqan dağıdılıb: "Kurqanın yerüstü hissəsiylə yeraltı hissəsi birlikdə böyük bir konsepsiyadır. Bu, yaşanmış bir tarixdir, keçmişimizdir. Maddi və mənəvi vəhdət orada özünü göstərir. Orada biz daşdan düzülən böyük bir buta tapdıq. O butanın bir hissəsini traktor dağıtmışdı. Buta olan yerdən 7 ədəd sınmış kotan dişi çıxdı. Mən onlara göstərib dedim ki, baxın bu kotan dişiylə mənəviyyatmızı, tariximizi məhv edirsiniz". Nəsib Muxtarov deyir ki, Dəhnədəki hadisədən xəbər verən kimi mədəniyyət nazirliyni turizm idarəsi məsələyə dərhal reaksiya göstrədi kurqanların qorunması üçün müxtəlif tədbirlər görüldü. "Dövlət bunun üçün vəsait ayırıb və bununla 20-25 kurqanın öyrənilməsi nəzərdə tutulur. Bu mədəniyyətin bir ucu bizi Mesopotomiya, bir ucu isə Şimali Qafqazla birləşdirir. Yəni, bu kurqanların olduğu ərazilər bir tərəfdən Qara dəniz sahillərinə, digər tərəfdən isə Şəki yaylasından keçib Dərbənd tərəfə çıxır. O, hələ ki, bu kurqanların yalnız birini öyrənib ki, bu da Orta Tuncun axırı, Son Tuncun əvvəlinə aid edilir (e.ə. XV-XIV əsr). Ekspert qeyd edir ki, kurqanın yerüstü hissəsi hətta o dövrə aid olan mülki memarlıq haqqında da təsəvvür yaradır. Çünki qədimdə əhali yaşadıqları evlərin formasında da qəbir düzəldirdilər: "Orada 80-dən çox kurqan olan yer əkilib. Biz onların daş nişangahını yığmışıq, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dövlət səviyyəsində ciddi tədbirlər görülür. Əgər orada qalan 20-25 kurqanı öyrənsək və yerdə qalanların üstünü qaytara bilsək, bu zaman tariximiz, mədəniyyətimiz qazanar. Yaxşı ki, respublika səviyyəsində işə qarışıb bizi yerli nadanların əlindən xilas etdilər."
   
   
Qəbiristanliqda Restoran
   
   N.Muxtarov deyir ki, Baş Küncütdə 4-6-cı əsrə Aid Küncüt qalası var . Bu qalanın nekropolunda vaxtilə çox məşhur adamlar dəfn olunub. Orada 80-90-cı illərdə restoran tikilmişdi. Amma o vaxtkı Mədəniyyət şöbəsinin müdiri obyektin işini dayandırmışdı. Bu yaxınlarda yeni rayon rəhbərliyi qəbrlərin üstündə restoranın fəaliyyətinə icazə verdilər. Halbuki Mədəniyyət və Turizm Nazirliyinə hesabat verəndə deyirlər ki, orada elə bir şey yoxdur. Bəzən yuxarı dairələrə səhv məlumatlar verilir, informasiya düzgün çatdırılmır. Əgər düzgün çatdırılsa, yuxarı dairələr təcili tədbirlər görər və bu abidələrə ciddi münasibət göstərilməsi kimlərəsə məcbur edilər. 

   
   "Oğuzdakı Kurqan Abıdəsı Reallaşsa Mısır Pıramıdası Qədər Turıst Cəlb Edər" 
   
   
    Nəsib Muxtarov Şəkinin Fazıl ərazisində aşkarladığı abidələri birləşdirən bir labirint-abidə də yaradıb. Bu labirint tək Azərbaycanda yox, Cənubi Qafqazda da ən unikal abidədir. Bu, böyük bir nekropoldur. Nəsib müəllim onu yerin altında yaradıb, tapılan qəbirlərin üstünü tağla örtüb. Və nəticədə bu yerdə böyük yeraltı muzey yaradılıb. Bu labirint e.ə. II minilliyin axırından b.e. I minilliyin yarısına qədərki dövrü əhatə edir. Hazırda arxeoloqun sonuncu işi Oğuz rayonundakı Kərimli ərazisindəki kurqanı tapmaq olub. N.Muxtarov deyir maraqlı nəticəyə gəlmişəm ki, Oğuzdakı daş kurqanlar torpaq kurqanlardan da qədimdir. Çünki orada arxeoloqun qazdığı daş kurqan e.ə.III minilliyin II yarısına aiddir. Amma torpaq kurqanlar isə e.ə. II minilliyin II yarısından qalıb. Burada əvvəlcə 9 kurqan var idi, sonra isə axtarışlar nəticəsində onların sayı 18-ə çatıb. Arxeoloq deyir ki, inanıram Oğuzdakı Kurqan abidəsi gerçəkləşsə, Misir piramidalarına nə qədər turist axışırsa, ora da o qədər turist gələr. Bu proqrama geniş meydan vermək lazımdır.
Günay Kərimova
 
 

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Şəki arxeologiya və folklor qrupu; Qazıntılar zamanı əldə edilmiş əşyalar:

Comments