ŞƏKİ ŞƏHƏRİNDƏ ƏDLİYYƏ NAZİRLİYİNİN REGİONAL ŞÖBƏSİ ÜÇÜN YENİ İNZİBATİ BİNA TİKİLMİŞDİR

15 Oca 2010 10:50 tarihinde Aydin Salis tarafından yayınlandı
  
Sentyabrın 19-da Şəki şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki regional şöbəsi üçün inşa edilmiş yeni inzibati binanın açılış mərasimi keçirilmişdir. Mərasimdə ədliyyə naziri Fikrət Məmmədov, şəhər rəhbərliyi, habelə bölgə rayonlarının ədliyyə orqanlarının rəhbərləri və əməkdaşları iştirak etmişlər.
   Mərasim iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı meydanda ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
    Sonra tədbir iştirakçıları regional ədliyyə şöbəsinin inzibati binası ilə, burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, müasir standartlara uyğun yüksək zövqlə inşa olunan inzibati binanın tikintisinə 2008-ci ilin sentyabrında başlanılmışdır. Dördmərtəbəli binanın ümumi sahəsi 1005 kvadratmetrdir. Binada 27 otaq, o cümlədən müşavirə və akt zalları, kitabxana yerləşir. Binanın birinci mərtəbəsində ümummilli liderimiz Heydər Əliyevin büstü qoyulmuşdur. Binanın həyətində 100 kubmetr tutumu olan su hovuzu vardır. Binada müasir istilik sistemi quraşdırılmışdır. Smeta dəyəri         1 milyon 250 min manat olan inzibati binanın tikintisini “Əfqan” Məhdud Məsuliyyətli Cəmiyyətin inşaatçıları həyata keçirmişlər.
    Mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bildirmişdir ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ədliyyə sisteminin infrastrukturunun yeniləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, ədliyyə sistemində müasir tələblərə cavab verən yeni iş prosesinin təşkil edilməsi məqsədi ilərespublikanın 10 bölgəsində regional şöbələr üçün hər cür şəraiti olan yeni inzibati binalar inşa edilir. Şəki regional ədliyyə şöbəsinin binası regionlarda istifadəyə verilən ilk inzibati binadır. Gəncə və Şirvan regional şöbələrinin binaları da tezliklə istifadəyə veriləcəkdir. Nazir  F. Məmmədov vurğulamışdır ki, şübhəsiz ki, yüksək iş şəraitinə malik olan bu regional şöbələr yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılması, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması işinə öz töhfəsini verəcəkdir.
Mərasimdə Şəki Apelyasiya Məhkəməsinin sədri Ramazan Burcayev və regional ədliyyə şöbəsinin rəisi Rəhman Məmmədov çıxış edərək, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, ədliyyə sisteminin inkişafı və beynəlxalq standartlara uyğun qurulması istiqamətində dövlət başçısı tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər. 
   
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov yeni binanın istifadəyə verilməsi münasibətilə şöbənin kollektivini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
    Sonra inzibati binanın akt zalında ədliyyə naziri Fikrət Məmmədov və regionun ədliyyə orqanları rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir. 
                              
 
Şəki sentyabr ayında; arxiv;
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments