“BİLİK GÜNÜ”NDƏ ŞƏKİDƏ 3 YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

15 Oca 2010 10:58 tarihinde Aydin Salis tarafından yayınlandı

    Yeni dərs ilinin ilk günü Şəkinin təhsil həyatı üçün olduqca əlamətdar və yaddaqalan olmuşdur.
 Sentyabrın 15-də rayonun Kiçik Dəhnə, Dərəcənnət və Baş Göynük kəndlərində dövlət vəsaiti hesabına inşa edilmiş yeni məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
    Kiçik Dəhnə kəndində 2 nömrəli orta məktəb üçün inşa edilmiş 640 şagird yerlik yeni məktəb binasının tikintisinə 2008-ci ilin mayında başlanılmışdır. Bu təhsil ocağı indiyədək keçən əsrin 30-cu illərində inşa olunan uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. Müasir standartlara uyğun tikilmiş üçmərtəbəli yeni məktəb binasında 32 sinif otağı, fənn kabinetləri, laboratoriya, kompyuter otağı, 100 nəfərlik akt zalı, idman zalı və xidməti otaqlar yerləşir. Məktəbin kitabxanasında 8 min nüsxədən artıq kitab vardır. 75 pedaqoji işçinin çalışdığı bu təhsil ocağında 600 nəfərə yaxın şagird təhsil alır. Bu il ilk dəfə birinci sinfə qədəm qoyan şagirdlərin sayı isə 60 nəfərdir.
    Yeni istifadəyə verilən digər təhsil ocağının - 220 şagird yerlik Dərəcənnətli kənd orta məktəbi üçün binanın tikintisinə də 2008-ci ilin mayında başlanılmışdır. İkimərtəbəli binada 28 otaq, o cümlədən 11 sinif otağı, fənn kabinetləri, 2 laboratoriya, 2 emalatxana, kom-pyuter otağı, idman və akt zalları, kitabxana, bufet yerləşir. 158 şagirdin təhsil aldığı bu məktəbdə 28 müəllim çalışır.
     Baş Göynük kəndində dövlət vəsaiti hesabına inşa edilmiş üçmərtəbəli yeni məktəb binası isə 624 yerlikdir. Məktəbin əvvəlki binası 1929-cu ildə tikilmişdir. Uzun illər istismarda olduğundan son vaxtlar həmin bina tam qəza vəziyyətinə düşmüşdü. Yeni məktəb binasında 40 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, idman və akt zalları, kitabxana, bufet və digər otaqlar yerləşir. Kompyuter otağında 20 dəst kompyuter quraşdırılmışdır. Məktəbdə 450 nəfər şagird təhsil alır. Onların təlimtərbiyəsi ilə 75 nəfər müəllim məşğul olur.
    Hər 3 məktəb binasında müasir istilik sistemi quraşdırılmış, təhsil ocaqları yeni inventar və avadanlıqla təchiz olunmuşdur.
    Yeni məktəb binalarının açılış mərasimlərində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, şəhər təhsil şöbəsinin müdiri Firədun İbrahimov və başqaları məktəblərin şagird və müəllim kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara təhsildə və pedaqoji fəaliyyətlərində uğurlar arzulamışlar.
    Çıxış edən kənd ağsaqqalları, ziyalılar ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına, habelə “Bilik günü”ndə gerçəkləşdirilən belə dəyərli hədiyyələrə görə şəkililər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.  

 
Şəki sentyabr ayında; arxiv;
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments