MƏZUNLARIMIZIN QƏBUL İMTAHANLARINDA GÖSTƏRDİKLƏRİ NƏTİCƏLƏR ÜRƏKAÇANDIR

15 Oca 2010 11:07 tarihinde Aydin Salis tarafından yayınlandı

   Şəki şəhərindəki Heydər Əliyev muzeyində builki qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək respublikanın nüfuzlu ali məktəblərinə daxil olmuş tələbələr və onların valideynləri ilə şəhər rəhbərliyinin görüşü olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə muzeyin ekspozisiyası ilə yaxından tanış olmuş, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxmışlar.
   Tədbiri giriş sözü ilə açan şəhər təhsil şöbəsinin müdiri F.İbrahimov yüksək bal toplamış məzunlarla görüşün Heydər Əliyev muzeyində keçirilməsinin heç də təsadüfi olmadığını bildirmiş, ümummilli liderimizin gənc nəslin təlim-tərbiyəsi işinə daim xüsusi diqqət və qayğı göstərdiyini, onun Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini xüsusi vurğulamışdır. Bildirmişdir ki, ötən illərdə olduğu kimi, builki qəbul imtahanları da Şəki məzunları üçün olduqca uğurlu keçmişdir.
    Cari ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 1686 nəfər məzundan 1160 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd vermiş, onlardan 366 nəfəri tələbə adını qazanmışdır. Bundan əlavə, əvvəlki illərdə orta məktəbi bitirmiş 142 məzun da ali məktəblərə daxil olmuşdur. Qəbul imtahanlarında məzunlardan 77 nəfəri 500-dən, 22 nəfər isə 600 baldan yuxarı nəticə göstərmişdir.
    Valideyn Miroğlan Rəhimov, 624 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilikAkademiyasının hüquqşünaslıq fakültəsinə daxil olan Tural Mustafayev çıxış edərək, Azərbaycan təhsilinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov yüksək bal toplayaraq respublikamızın nüfuzlu ali məktəblərinə daxil olmuş tələbələri bu şərəfli ada layiq görülmələri münasibətilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
    Tədbirin sonunda qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmiş tələbələrə qiymətli hədiyyələr təqdim edilmişdir. 

Şəki sentyabr ayında; arxiv;
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments