“ŞƏKİ-İPƏK” ASC 2009-CU İLDƏ; müsahibimiz, müəssisənin texniki direktoru Şahin Əzizovdur

14 Oca 2010 11:52 tarihinde Aydin Salis tarafından yayınlandı
A. Məmmədov:
  Şahin bəy, 2009-cu il üçün istehsal və yeniliklər barədə nə deyə bilərsiniz?
  Ş. Əzizov: Ümumiyyətlə, 2009-cu ilin 9 ayı ərzində, Səhmdar Cəmiyyətdə bütün istehsal sahələri üzrə 2 milyon 607 min manatlıq məhsul istehsal olunmuşdur. Məhsulun satış məbləği isə 1 milyon 347 min manatdan çox olmuşdur. Müəssisədə 17 ton xam ipək,  635 ton pambıq sap, 470 min kvadratmetr ipək və pambıq parça, 18,5 min kvadratmetr güllü parça, 163 min 500 ədəd kəlağayı istehsal olunmuş, xalça sexində 89,5 kvadratmetr ipək xalça toxunmuşdur.
Baramaaçan sexinin fəaliyyətini yaxşılaşdırmaq üçün, burada Çin Xalq Respublikasında istehsal olunmuş və dəyəri 493,7 min avro olan  4 ədəd baramaaçan, 4 ədəd baramasarıyan, barama buğa verən dəzgah, yeni vakuum aparatı və laboratoriya avadanlığı quraşdırılmışdır. Baramasarıyan dəzgahların hər birinin gündəlik istehsal gücü, sapların növündən asılı olmaqla, 40 kiloqramdan 70 kiloqrama qədərdir. Onu da qeyd edim ki,  yeni dəzgahların quraşdırılması nəticəsində baramaaçan istehsalatında əmək məhsuldarlığı 6-7 dəfə, istehsal isə 2,5 dəfə artmış, enerji daşıyıcılarına sərf olunan xərclər 3-4 dəfə azalmışdır. Həm də, əl əməyinin tətbiqi də xeyli azalmış və istehsal edilən məhsulun keyfiyyəti dünya standartları səviyyəsinə çatmışdır.
Bu yaxınlarda müəssisədə yeni is-tehsal sahəsi-pambıq sap əyirmə sexi də fəaliyyətə başlamışdır. Burada Almaniyanın “RİTER” firmasının dəzgahları quraşdırılmışdır. Bundan əlavə, səhmdar cəmiyyətin nəzdində yeni tikiş sexi yaradılmış, burada məktəbli geyimləri və digər tikiş məmulatlarının istehsalına başlanılmışdır.
  A. Məmmədov: 2009-cu ilin bəzi aylarında “Şəkiİpək” ASC-nin bir neçə istehsalatında iş dayanmışdı və işçilər öz hesablarına məzuniyyətə göndərilmişdilər. Səbəb nə idi?
  Ş. Əzizov: Bizim istehsal etdiyimiz məhsullar, heç də hazır məhsul deyil,  ikinci bir müəssisə üçün xam maldır, məsələn, bəzi məhsullarımız saplardır, bunları da digər müəssisələr alıb işlədirlər, parça toxuyurlar, yaxud çorab və s. müxtəlif şeylər toxuyub satırlar. Əlbəttə ki bu müəssisələrin bazarında, dünyadakı iqtisadi tənəzzüllə bağlı, kasadlıq əmələ gələndə, onlar istehsalı azaltmağa məcbur olurlar, istehsalın azalması isə öz növbəsində onların xam mala olan tələbatının azalmasına səbəb olur. Nəticədə, bizim müştərilərin sayında və ya ikinci müəssisələr üçün bazara çıxardığımız məhsulun həcmində də təbii ki  azalma baş verir. Bu zaman isə biz də məcbur oluruq ki bəzi məhsullarımızın istehsalını azaldaq, istehsalda fəsilələr edək, işləyib anbara  yığmaqdansa, əsas fikri istehsal etdiyimiz malların satışına yönəldirik, biz əvvəlcə, istehsal etdiyimiz malları satmalıyıq. Bizim istehsal etdiyimiz hansısa mala tələbat azalanda, biz də həmin malın istehsalını azaltmağa, ya da dayandırmağa məcbur oluruq. Çalışırıq ki əvvəl anbarda olan malı sataq, yeni müştərilər tapaq və s.
  A. Məmmədov:  Müştərilər barədə nə deyə bilərsiniz, sizin məhsullar Azərbaycanda çox satılır, ya xaricdə?
  Ş. Əzizov:  Müştərilərimiz, Azərbaycanda da var, ölkə xaricində də. Ən çox mal göndərdiyimiz xarici ölkə isə Rusiya Federasiyasıdır.
  A. Məmmədov:  Yeni istehsal sahələri haqqında nə deyə bilərsiniz? Məsələn, xalçaçılıq, pambıq sexləri, bu sahələr özünü doğruldur, ya doğrultmur?
  Ş. Əzizov:  Xalçaçılıq özünü doğruldur, bu bizdə təzə sahədir, pambıq emalı, daha doğrusu pambıq sap emalı, pamdıq əyirici seximiz var, bu da özünü doğruldur, amma əsas məsələ dünyadakı iqtisadi böhrandır, əgər  böhran aradan qalxarsa, həmin sahələr daha çox gəlirli sahələr ola bilər. 
  A. Məmmədov: Bəs pamdıq sap, pambıq parça istehsalında təhlükəsizlik qaydalarına nə dərəcədə riayət edilir. Bildiyimiz kimi, bu çox təhlükəli sahədir, texnologiyaları, ipək sap, ipək parça istehsalı texnologiyalarından xeyli fərqlənir. Xatırlayıram ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, süni ipəyin qıtlığı ilə əlaqədar, bəzi dəzgahlarda, təzəcə, pambıq parça toxunmasına başlanmışdı ki, 2 dəzgah alışıb yandı. Yəni demək istəyirəm ki, müəssisə bu məhsulun istehsalına tam hazırdımı?
  Ş. Əzizov: Tam hazırdır, düzdür, texnologiya fərqlidir, lakin bizim üçün, heç də o qədər çətin texnologiya hesab edilə bilməz. Bizim pambıq sap emal edən seximiz bütün standartlara cavab verir. Orada normal qaydada istehsal prosesləri gedir, bütün normativlərə uyğun olaraq, təhlükəsizlik texnikasına uyğun olaraq. Orada avtomatik nəzarət cihazları quraşdırılmışdır, hər şeyə, nəmliyə, temperatura kompüterlə nəzarət edilən bir sistem var. 
A. Məmmədov: Dövlət səviyyəsində kömək varmı?
  Ş. Əzizov: Dövlətin köməyi, hamının üzərində həmişə var. Dövlətin köməyi olmasa, heç bir sahədə iş gedə bilməz.
  A. Məmmədov:  Məsələn, Azərbaycanda armatur istehsalına başlanılan kimi, xaricdən gətirilən  armatur üçün gömrük haqqı artırıldı. Əgər belə etməsəydilər, yerli istehsal, indikindən xeyli ucuz qiymətə satılmalı idi və bu halda da, Azərbaycanda onun istehsalı sərfəli olmazdı! Yəni demək istəyirəm ki, xaricdən gətirilən parça, ipək sap və s.lər üçün də gömrük rüsumunun artırılmasına ehtiyac yoxdurmu?
  Ş. Əzizov: Bizim istehsal etdiyimiz pambıq və ipək parçalarla eyni çeşidlərdə xaricdən gətirilən parçalar o qədər də çox deyil.
  A. Məmmədov: Mümkünsə, deyə birlərsinizmi, burada  nə qədər adam işləyir və maaşları da nə qədərdir, hamı standart maaş alırmı?
  Ş. Əzizov: 1000 nəfərdən çox işçimiz var. Müəssisənin gəliri artarsa, maaşlar da artırıla bılər. 2009-cu il üçün orta əməkhaqqı 150 manat olmuşdur. Elə sahələr var ki əməkhaqqı, görülmüş işə görə hesablanır, bəzi sahələrdə isə aylıqdır.
A. Məmmədov: Əgər sirr deyilsə, deyə bilərsinizmi, 2010-cü il üçün müəssisə üçün nə kimi layihələriniz var?
 Ş. Əzizov: Bu il müəssisənin toxucu, burucu və boyaq-bəzək sexlərində də yeni dəzgah və avadanlıqların quraşdırılması nəzərdə tutulur. Məsələn, bizim planımız var ki, boyaqbəzək istehsalatını daha da gücləndirmək, işə salmaq üçün, pambıq sap boyama aparatları alaq, sonra, dəsmal və maxer tipli parçaların istehsalı, ondan sonra, məqsədimiz var xalça dəzgahı almaq, bilirsiz ki,  bizdə toxunan xalçalar hamısı əl ilə toxunan xalçalardır, ola bilsin ki, indi mexaniki xalça dəzgahları alaq, yəni burada həm süni və həm də təbii liflərdən xalça toxunsun, o da böyük xərc tələb edən bir işdir, amma bunlar hamısı bizim planımızda var.
 A. Məmmədov: Baramanı haradan alırsınız?
 Ş. Əzizov: Şəkinin özündə, Azərbaycanın özündə də bunun istehsalı var, bir az, az miqdardadı, əsasən Özbəkistandan və İrandan alırıq halhazırda, çünki Azərbaycanda yetişdirilən barama, bizim illik tələbatımızı ödəmir. Tut bağlarının, torpaqların kənd əhalisi arasında pay bölgüsü zamanı paylanması nəticəsində, tut bağlarının əksəriyyəti əhaliyə verildiyindən, onlar da özləri öz məqsədləri üçün istifadə etdiklərindən, bir çox yerlərdə tut bağları qırılıb məhv edilmişdir. Yəni, tut ağaclarını kəsib, yerində bostan əkən var, taxıl əkən var. Hər kəsin öz sahəsidir, özü, öz ürəyi istədiyi kimi istifadə edir. Amma    indi tut bağlarının bərpası istiqamətində işlər görülməkdədir.
  A. Məmmədov: Sizin işlətdiyiniz baramanın təxminən neçə faizi yerli xammaldır?
  Ş. Əzizov: Çox az, cəmi, 5-10 %.
  A. Məmmədov: Qabaqlar Şəkidə “Şəki-1”, “Şəki-2” adlı  yerli barama növləri var idi, o növlər indi dururmu? Barama toxumunu haradan alırsınız?
  Ş. Əzizov: Bizdə də, Şəkidə, Qren zavodda hazırlanır, amma ki Çin barama növlərinin toxumudur. O əvvəlki “Şəki-1”, “Şəki-2” məhv oldu. Ümumiyyətlə, barama növləri elə bir şeydir ki, o uzunmüddətli olmur,  yəni növ dəyişilməlidir, qocalandan sonra heç nəyə yaramır. “Şəki-1”, “Şəki-2” ən az 15-20 il bundan əvvəlki növlərdi, amma 3-4 ildən bir nəsil yenilənməlidir, yeni növlər tapılmalıdır. Hal-hazırda bizim qren zavod o səviyyədə işləmir ki yeni növlər hazırlasın.
  A. Məmmədov: Müsahibəniz üçün təşəkkür edirən.
  Ş. Əzizov: Mən də sizə təşəkkür edirəm ki “İpəkçi” qəzetini nəşrini bərpa edirsiniz və bu istiqamətdə sizə müvəffəqiyyətlər arzulayıram.
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266)
Comments