Nəsrəddin şahın özünün, oğlunun və nəvəsinin əksi olan orijinal şüşə neqativlər Şəkidən tapıldı; tapıldı, tapılan kimi də itdi!!!

29 Nis 2010 12:01 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
  • Hörmətli oxucular! Əvvəlcə, bir el məsəlini sizin yadınıza salmaq istəyirik: "Elə bil Nəsrəddin Şahın Nəvəsidir, əli belində durub", - bunu siz çox eşitmisiniz, amma nə Nəsrəddin şahı görmüşdünüz, nə də nəvəsini, elə isə baxın aşağıdakı şəkillərə.
   
2000-ci ildə Şəki şəhərində, rus millətindən olan bir qadın öz evinin zirzəmisini təmizləyərkən 17 ədəd şüşə neqativ tapır və onları MTN-nin Şəki şöbəsinə  təqdim edir. Həmin qadının babası fotoqraf olmuşdu, yəqin ki şüşə neqativlər də babasına məxsus imiş.
    Biz neqativləri o vaxt, MTN-nin Şəki şöbəsindən 1 saatlıq icazə ilə götürüb, foto-kağız üzərində təsvirlərini əldə etmək üçün Bayram Salamov adlı qocaman fotoqrafa təqdim etdik, məqsədimizə nail olandan sonra onları yenidən MTN-nin Şəki şöbəsinə qaytardıq. Foto-Kino sənədləri Arxivinə də bu barədə məlumat verdik, amma əhəmiyyət vermədilər. 
   Bizim üçün və bu foto şəkilləri, yaxud onların şüşə neqativlərini  görən hər bir kəs üçün maraqlı idi ki, burada kimlərin təsvirləri var? Və foto-şəkillər hansı illərdə, hansı ölkədə çəkilib. 
  
Düzü, fotolarla tanış olan kimi, oradakı adamlardan birinin Nəsrəddin şah olmasını güman etmişdik. Belə ki, bizə məlum idi ki, Nəsrəddin şah həddindən artıq kök imiş...  lakın, bunu dəqiqləşdirmək üçün bizə 7-8 il vaxt lazım oldu!
   Fotolardan bəzilərini internetdə yerləşdirdik. 7-8 il ərzində, dünyanın müxtəlif ölkələrindən, yüzlərlə adam həmin fotolarla baxdı. Nəhayət, Bəhruz adlı bir qardaşımız, hansı ki qədimi fotoların kolleksiyasını toplamaqla məşğuldur, bildirdi ki, bəli, burada Nəsrəddin şahın təsvirləri var;  güzgülü zal isə Tehrandadır və indi də durur.
   Yeri gəlmişkən əlavə edək ki, Nəsrəddin şah 1896-cı ildə öldürülmüşdür. Həmin nöqteyi-nəzərdən foto şəkillərin çəkilmə tarixini 1896-cı ildən əvvələ aiddir. 
    2000-ci ildə Şəki şəhərində tapılmış, azı 104 il əvvələ aid şüşə-neqativlərdə İran şahının təsvirinin olması müəyyənləşdikdən sonra, həmin tapıntının qiyməti də qalxır. Mümkündür ki, onlar hansısa, antikvar əşyalar hərracına çıxarılsın və 1 miyon dollardan baha qiymətə satılsın, amma əlbəttə ki, onları MTN-nin Şəki şöbəsində zibil qabına atmayıblarsa!
  
    Bu arada Bəhruz qardaşımız fotoşəkillərdəki daha bir adamın kimliyi barədə bizə məlumat verdi:
 
 Müzəffərəddin şah
 
  O, 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olub. 1861-ci ildən Azərbaycan əyalətinin valisi idi. Atasının qətlindən sonra, 1896-cı ildə İranda şahlıq taxtına əyləşdi. Müzəffərəddin şah 1907-ci ildə vəfat edib.

 
  Aydın Məmmədov
 
Comments