MİLLİ MƏTBUATIN 135 İLLİYİ MÜNASİBƏTİ İLƏ ŞƏKİ JURNALİSTLƏRİ ŞƏKİ İCRA HAKİMİYYƏTİNİN AKT ZALINA DƏVƏT OLUNMUŞLAR >>

24 Tem 2010 11:14 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    
İyulun 22-də Şəki Şəhər İcra Hakimiyyəti aparatının akt zalında Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
     Jurnalistləri əlamətdar bayram münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı, Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını dövlətimizin Azərbaycan mətbuatına göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, zəngin tarixi ənənələrə malik Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olmasında, milli mətbuatımızın inkişafında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xatırladan Murad Cabbarlı, 1998-ci ildə mətbuatda senzuranın ləğv edilməsinin kütləvi informasiya vasitələri qarşısında geniş perspektivlər açdığını xüsusi vurğulamışdır.
     Tədbirdə  çıxış edənlər - qocaman jurnalist-alim Sabir Əfəndiyev və fotoqraf-jurnalist Telman Həmidli Şəki kimi böyük bir şəhərdə mətbəənin olmamasını yolverilməz bir hal hesab etməklə yanaşı həm də göstərmişlər ki, hələ Sovet hakimiyyətindən öncə burada mətbəə var idi və qəzet çap olunurdu. Şəki şəhər icra hakimiyyəti başçısı Murad Cabbarlı isə  Şəki mətbəəsinin bərpa edilməsi üçün səy göstərəcəyini bildirmişdir. Daha sonra "Şəkinin səsi" və "İpəkçi" qəzetləri adından çıxış edən Aydın Məmmədov,  bu qəzetlərin redaksiya otaqlarının və redaksiya avadanlıqlarının qeyri-qanuni olaraq başqalarına verildiyini icra hakimiyyəti başçısının nəzərinə çatdırmışdır. Murad Cabbarlı həmin problemi də həll etməyə çalışacağını bildirmiş, lakin  bunun üçün daha əvvəlcə, yazılı şəkildə ərizə təqdim edilməsini məsləhət görmüşdür. 

     Murad Cabbarlı, həmçinin, bu tədbirdə iştirak edən jurnalistlərdən birinin -  Eldar Abdullayevin,  qızı Günel Abdullayevanın son qəbul imtahanlarında 700 bal toplamasını da tədbir iştirakçılarının nəzərinə çatdırmış və qızının əlamətdar nəticə əldə etməsinə görə atasını təbrik etmişdir. 

    Tədbirdə icra hakimiyyəti adından jurnalistlərə 50 manat məbləğində pul mükafatları təqdim olunmuşdur.

Comments