YANVARIN 29-DA MƏRHUM ƏMƏKDAR JURNALİST SALİS MƏMMƏDOVUN VƏFATININ 1-Cİ İLİ TAMAM OLUR

27 Oca 2010 10:35 tarihinde Aydin Salis tarafından yayınlandı
     Salis Məmmədsani oğlu Məmmədov 1932-ci il iyul ayının 1-də Nuxa şəhərində anadan olmuşdur. 15 yaşında, 06.02.1948-ci il tarixdə, Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 23.12.1951-ci il tarixə qədər, Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 25.07.1952-ci il tarixdən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 01.04.1962-ci il tarixdən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil almağa başlamış və 1965-ci ildə bu təhsil ocağının diplomuna yiyələnmişdir. (Yeri gəlmişkən, tələbəlik illərində o, Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını "Nuxa fəhləsi" qəzetində nəşr etdirməklə, həmin dövr üçün kifayət qədər böyük və indi də xatırlanan bir qalmaqal yaratdı, baxmayaraqki bu məsələdə onun adı indiyədək heç vaxt hallanmayıb. Salis Məmmədov özü bu baradə belə deyirdi: "Jurnalistika fakültəsində qiyabi təhsil alarkən, Bakıda Bəxtiyar Vahabzadə ilə tez-tez görüşürdüm. Bir dəfə o, mənə "Gülüstan" poemasının əlyazmasını verdi. Mən də Şəkiyə qayıdanda onu redaktor Məhyəddin Abbasova təqdim etdim və poema nəşr olundu. Növbəti dəfə Bakıya gedəndə özümlə "Gülüstan" poeması nəşr olunmuş xeyli "Nuxa fəhləsi" qəzeti apardım və onları yaymağa başladım. Sonra Bəxtıyar müəllim məndən xahiş etdi ki, həmin nömrəni yaymağı dayandırım, belə ki buna görə onu incidirdilər. Amma daha gec idi...").
    03.04.1965-ci il tarixdə Salis Məmmədov Nuxa şəhər partiya Komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatında çıxan "İpəkçi" qəzetinə redaktor təyin edilir. 12.12. 1990-cı il taixdə özbaşına olaraq, bu qəzetin ənənəvi təsisçilərindən və Azərbaycan SSR-də ilk dəfə Sovet mətbuatı üçün ənənəvi "Bütün ölkələrin proleterları birləşin!" şüarından imtina edən Salis
Məmmədov, onu "Azərbaycan İpəkçilərinin Açıq Tribunası" elan edir. O, vəfatına qədər - 29.01.2009-cu il tarixədək, düz 44 il həmin qəzetin redaktoru oldu. Ötən əsrin 90-cı illərinə qədər həm də Azərbaycan Jurnalistlər İttifaqının orqanı - "Müxbir" bulletini, redaksiyasının üzvü olan Salis Məmmədov, 1991-ci ilin 23 oktyabrında Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına da layiq görülmüşdür. 1993-cü ildə isə oğlu Aydın Məmmədovla birlikdə regionlar üzrə ilk müstəqil qəzeti -"Şəkinin səsi"ni, təsis etmiş və vəfatına qədər bu qəzetin baş redaktoru olmuşdur. Sovetlər dövründə “Lenin Yubiley” medalı, “Şərəf Nişanı” ordeni, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatı, müstəqillik illərində, 2005-ci ildə, “Tərəqqi” medalı ilə təltif edilmişdir. 1993 və 1994-cü ildə, onun redaktor olduğu "İpəkçi" qəzetinin 60 illik yubileyi münasibəti ilə mərhum sabiq prezident Heydər Əliyev şəxsən, təbrik məktubu və təbrik teleqiramı göndərmişdir. "İpəkçi" qəzeti hələ Sovet dövründə Respublika və İttifaq miqyasında kifayət qədər ad-san qazanmışdır. Qəzetin qaldırdığı məsələlər həm Respublika və həm də İttifaq nazirliklərində müzakirə edilir, hər dəfə də müsbət həll olunurdu. Bəzən isə hansısa bir tənqidi yazıya görə, "İpəkçi" ni gecə saatlarında, xəlvəti çap etdirmək lazım gəlirdi...
    Həyatının son illərində keçirdiyi ağır xəstəlik, Salis Məmmədovun ictimai-siyasi həyatda iştirakını və jurnalistlik fəalliyyətini heç də zəiflətmədi. Təsəvvür edin, ömrünün yalnız son günlərində, 2008-ci ilin yalnız dekabr ayında, "Şəkinin səsi"nin 4 təşəbbüsü ən yüksək qanunverici orqanlarda müzakirə olunmuşdur! "Şəkinin səsi" Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının 20-ci ildönümü münasibəti ilə Azərbaycan hökümətini bu dəhşətli cinayəti,  qətliamı, düz 20 il ört-basdır etməkdə ittiham edir, 20 ildən sonra, guya, 3 ay ərzində deportasiya barədə məhkəmə iddiası qaldıracaq komissiyanı isə böyük uzaqgörənliklə “yalançı” hesab edir və əvəzində, oz oxucularına vəd verirdi ki "sağlıq olsun, 3 ay sonra Azərbaycan xalqı adından onlar yox, məhz, elə biz özümüz bu iddianı Haaqa Məhkəməsinə təqdim edəcəyik!"
   İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsini də ilk olaraq tələb edən "Şəkinin səsi" idi. Azərbaycan ziyalılarının yerli telekanalarlara yox, FM tezliyində yayimlanan xarici radiolara qulaq asmasını da ilk olaraq deyən, məhz, "Şəkinin səsi" olmuşdur. Amma "Şəkinin səsi" xarici radiolarin FM tezliyindən çıxarılmasını yox, sadəcə, yerli televiziya verilişlərinin keyfiyyətinin yaxşılaşdırılmasını istəmişdi. Eləcə də bu gün prezidentlik limitinin ləğv edilməsini də birbaşa, “Şəkinin səsi”nin adı ilə bağlamaq mümkündür. Belə ki son prezident seçkilərindən cəmi, 2 həftə sonra, məhz, “Şəkinin səsi” qəzetinin veb səhifələrində prezidentlik limitinin ləğv edilməsi üzrə kompaniyaya start verilmişdir! İlham Əliyevə prezident seçilməsi münasibəti ilə göndərdiyi təbrik məktubunun prezidentin rəsmi internet saytında dərc edilməməsinə görə Salis Məmmədov prezidentə ikinci bir Açıq məktub da yollamağa məcbur olur və son məktubunda da prezidentə sədaqətini bir daha nümayiş etdirir: “...Niyə bu mövzu üçün 2-ci, 3-cü kateqoriyalı hesab edilməli olan adamların - məsələn, hansısa, əməkdar artistin nəvəsinin, nəticəsinin təbriki o saytda dərc olunur mənimki yox?! Mənim nə dövlət, nə hökumət, nə xalq, nə Vətən və nə də Sizin qarşınızda heç bir qəbahətli işim yoxdur. Ömrümü alnıaçıq, şərəflə yaşamışam. Hesab edirəm ki, bu hal, Prezident aparatının işçilərinin (Əli Həsənovu nəzərdə tuturdu, - A. Məmm.) mənə qarşı növbəti qərəzkarlığıdır, onlar bir çox jurnalistlərin necə Sizin əleyhinizə çıxış etməsinə nail olublarsa, məni də eləcə, Sizin əleyhinizə qaldırmağa, Sizə olan inamımın itməsinə çalışırlar. Amma mən heç vaxt Prezidentə qarşı çıxmamışam və bundan sonra da çıxmayacağam. Amma həmişə haqq uğrunda mübarizə aparmışam və yenə də aparacağam, əvvəlkindən daha kəskin, daha effektli”.
    26 Bakı Komissarının, o cümlədən, S.Şaumyanın qəbrinin Bakının mərkəzindən götürülməsi, M.Rəsulzadə, F.X.Xoyski və Azərbaycan Demokratik Respublikasının digər liderlərinin qəbrlərinin vətənə köçürülməsi "Şəkinin səsi"nin ən çox toxunduğu mövzu idi ki, bunlardan birincisi yalnız Salis Məmmədovun ölümü ərəfəsində reallaşdı. Salis Məmmədov 2009-cu il yanvar ayının 29-da, uzun sürən xəstəlikdən sonra vəfat etdi və yanvarın 30-da, nakam vəfat etmiş qardaşı Xamisin qəbrinin
yanında, ata-anasının qəbrlərinin arxasında torpağa tapşırıldı.
     Allah onlara rəhmət eləsin.
"Şəkinin səsi"qəzeti,
15 iyun, 2009-cu il.
Comments