SOVET JURNALİSTİKASININ ƏYALƏT DİSSİDENTİ

14 Oca 2010 12:11 tarihinde Aydin Salis tarafından yayınlandı
   O zaman biz Bakı Dövlət Universitetində yarımgizli tələbə təşkilatı yaradanda, xüsusilə, 20 Yanvar hadisələrindən sonra Sovet rejiminə qarşı daha da vüsət almış milli-azadlıq hərəkatının tələbə qolunda iştirak edərkən, Salis Məmmədovun qəzeti, yazıları ilə də maraqlanırdıq. Çünki Salis Məmmədov 60-cı illərdə sovet jurnalistikasının dissidentlərindən biri olmuşdu. Tələbə vaxtı Bəxtiyar Vahabzadənin məşhur “Gülüstan” poemasının əlyazmasını onun özündən alaraq indiki Şəkidə, “Nuxa fəhləsi” qəzetində nəşr etdirmişdi. Həmin qəzetin nüsxələrini özü ilə gətirib Bakıda yaymışdı. Amma Bəxtiyar muəllim deyibmiş ki, daha yaymasın, çünki şairə çox ciddi təzyiqlər olub.
   İndiki gənclərin “Gülüstan” poemasından elə də xəbərləri yoxdur. Bu, Rusiya imperiyası ilə İran arasında Azərbaycanın iki yerə bölüşdürülməsinə dair imzalanmış Gülüstan müqaviləsinin adından götürülüb. Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə bu poemada Azərbaycanın iki yerə parçalanmasından, bunun xalqımızın milli faciəsi olmasından yazırdı. 60-cı illər Sovet İttifaqında Xruşşovun gətirdiyi “yumşalma” dövrü kimi tarixə düşsə də, rejim yenə də sərt idi. Xüsusilə də Azərbaycanda milli hisslərin və milli özünüdərkin oyanmasına qarşı çox amansız idi. Belə olmasaydı, Bəxtiyar Vahabzadə kimi elə o dövrdə də tanınmış və nüfuzlu şair öz poemasını Bakıda – respublika səviyyəli qəzetlərdən və ya ədəbi jurnallardan birində deyil, rayon qəzetində nəşr etdirməzdi. Belə olmasaydı, bu poemanın nəşrindən sonra ona qarşı təzyiqlər edilməzdi.
   İndi təsəvvür edin ki, respublika rəhbərliyinin də yaxşı tanıdığı və yeri gələndə, mövqeyi ilə hesablaşmağa məcbur olduğu bir ziyalı bu qədər təzyiqə rast gəlirdisə, görün, həmin poemanı aparıb rayon qəzetində çap etdirən qiyabiçi tələbə nələr çəkib! Biz - səksəninci illərin yenidənqurma dövrünün tələbələri, bunu yaxşı təsəvvür edirik.
    Yazılarının çoxunu “M. Salis” imzası ilə dərc etdirən məşhur jurnalist 1990cı ilin 20 Yanvar faciəsinə görə qəzetin başlığındakı “Bütün ölkələrin proletarları, birləşin!” şüarını redaktoru olduğu “İpəkçi” qəzetindən yığışdırmışdı. Aydın Məmmədov yazır ki, Salis Məmmədovun sovet illərində “İpəkçi” qəzetində qaldırdığı məsələlər İttifaq nazirliklərində müzakirələrə səbəb olurdu, hətta bəzi hallarda qəzeti xəlvəti çap etmək lazım gəlirmiş. Müstəqillik illərində müstəqil “Şəkinin səsi” qəzetini yaradan Salis Məmmədov, bu dövrdə də öz tənqidi jurnalistikasını davam etdirib. Onu Heydər Əliyev də, Əbülfəz Elçibəy də, Ayaz Mütəllibov da, onlardan qabaq respublikaya rəhbərlik etmiş Əbdürrəhman Vəzirov da, Kamran Bağırov da, İmam Mustafayev də tanıyırdı. Salis Məmmədov bütün dövrlərdə öz sözünü deyib. Bəzən biz - yeni nəslin qələm sahibləri, sovet dövründə o zamankı partiya-sovet mətbuatında çalışmış əksər həmkarlarımızın istedadını və xidmətlərini görməməzliyə vururuq. Bütün neqativləri ilə yanaşı, o dövrün mətbuatında da həqiqəti çətinliklə də olsa, deyən insanlar vardı. Onu yaddan çıxarmamalıyıq ki, 80-ci illərin axırında Azərbaycanda alternativ, siyasi rejimdən müstəqil medianın əsasını qoymuş Nəcəf Nəcəfov da partiyasovet mətbuatından çıxmışdı. Nəcəf Nəcəfov kimi Salis də (amma əyalət qəzetində) o sistemin mətbuatında sistemi tənqid edənlərdəndi. O, həm də sübuta yetirmişdi ki, ölkənin harasında yaşamasından asılı olmayaraq, gerçək Azərbaycan ziyalısı, öz sözünü bütün səviyyələrdə deyə bilər və deməlidir də.
    Sonda, qəzetimiz adından və öz adımdan Salis müəllimin ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin.
Bəhəddin Həziyev,
"Bizim yol"qəzetinin baş redaktoru. 
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266)
Comments