Azərbaycan bayraqları, Azərbaycan bayrağı

15 Şub 2010 10:29 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Ötən əsrin 90-cı illərinin əvvəllərində "İpəkçi" qəzeti  Azərbaycan Respublikası bayrağının Şəki  İstehsal İpək Birliyində hazırlanması barədə ilk dəfə mətbu xəbər yaymış oldu, həmin xəbəri o vaxt biz hazırlamışdıq. İndi - 20 il sonra isə biz Azərbaycan KİV üzrə ilk dəfə olaraq, 1918-ci ildən sonrakı bütün Azərbaycan bayraqlarının şəkllərini  dərc edirik:



Mənbə: >>



Azərbaycan bayrağına dair sənədlər

 
 
 
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Dövlət bayrağı haqqında qərarı (21 iyun 1918-ci il)

Gəncə şəhəri


П о с т а н о в л е н и е
об установлении государственного
флага Азербайджанской Республики
21 июня 1918 г.,
г. Гянджа


Признать флагом Азербайджана флаг, изготовленный из красной материи с изображением белого полумесяца и белой восьмигранной звезды на красном фоне.

(Mənbə: Азербайджанская Демократическая Республика (1918-1920).
Законодательные акты (Сборник документов). Баку, 1998, с. 188.)


Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının milli bayraq haqqında qərarı
(9 noyabr 1918-ci il,)

Bakı şəhəri

П о с т а н о в л е н и е
о национальном флаге
Азербайджанской Республики

9 ноября 1918 г.
г. Баку

Национальным флагом признать флаг, состоящий из зеленного, красного и голубого цветов с белым полумесяцем и восьмигранной звездой.

(Mənbə: Азербайджанская Демократическая Республика (1918-1920).
Законодательные акты (Сборник документов). Баку, 1998, с. 250.)


AZƏRBAYCAN SSR-in ADININ VƏ DÖVLƏT BAYRAĞININ DƏYİŞDİRİLMƏSİ HAQQINDA

Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin Fərmanı

   Respublikanın ictimai həyatında baş verən dəyişiklikləri, milli mənlik şüurunun artdığını, Azərbaycanın dövlət quruluşunun inkişafını, habelə rəsmi adların və rəmzlərin mənəvi və siyasi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsini zəruri hesab edirəm.

   Bu məqsədlə respublika Ali Sovetinə tövsiyyə olunsun ki, Azərbaycan SSR Konstitusiyasında dəyişikliklər edilməsi haqqında  qanun qəbul etsin, həmin qanunda respublikanın adı dəyişdirilsin və o,"Azərbaycan Respublikası" adlandırılsın, dövlət bayrağı eni bərabər rəngli üç üfiqi zolaqdan ibarət düzbucaqlı parça şəklində nəzərdə tutulsun: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdə olsun, qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri verilsin.

Azərbaycan Sovet Sosialist Respublikasının prezidenti

A. MÜTƏLLİBOV.

Bakı Şəhəri

29 noyabr 1990-cı il




“Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” Azərbaycan SSR Prezidentinin 1990-cı il 29 noyabr tarixli Fərmanı barəsində Azərbaycan Respublikası Ali Sovetinin Qərarı (5 fevral 1991-ci il)

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1. “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” Azərbaycan SSR Prezidentinin Fərmanı bəyənilsin.
2. “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” qanunlar qəbul edilsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 5 fevral 1991-ci il,
№ 16-XII.

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu (5 fevral 1991-ci il)

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin.
3. "Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938-1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 1991-ci il
№ 17-XII


Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə
(5 fevral 1991-ci il)

Azərbaycan Respublikasının 5 fevral 1991-ci il tarixli 17-XII saylı qanunu ilə təsdiq edilmişdir

(8 iyun 2004-cü il, 683-IIQD saylı qanunla edilmiş əlavə və dəyişikliklərlə

1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.
Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3. Qüvvədən düşmüş hesab edilmişdir.
4. Qüvvədən düşmüş hesab edilmişdir.
5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
6. Qüvvədən düşmüş hesab edilmişdir.
7. Qüvvədən düşmüş hesab edilmişdir.
göstərən qrafik.



Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı
 (5 fevral 1991-ci il)

Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağının bir çox onilliklər ərzində Azərbaycan xalqının milli dövlət quruluşunun rəmzi olduğunu, bu bayraq altında xalqın böyük və mürəkkəb təşəkkül və inkişaf yolu keçdiyini nəzərə alaraq, öz tarixinə, əvvəlki nəsillərin keçdiyi yola ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
- Azərbaycan Respublikasının əvvəlki Dövlət bayrağı respublikanın milli tarixi sərvəti kimi saxlansın;
- bu bayraqdan ümumxalq bayramları, mitinqlər və nümayişlər zamanı istifadə edilə bilər.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 5 fevral 1991-ci il,
№ 19-XII.


“Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 (13 mart 1998-ci il)

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.
Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir. Lakin hal-hazırda Azərbaycan Respublikasının dövlət atributlarına həsr edilən normativ aktlardakı tələblərə əməl edilməsinə müəyyən laqeydlik, qeyri-ciddi münasibət müşahidə olunur. Bu sahədəki tədbirlərin məqsədyönlü şəkildə qurulması, tənzimlənməsi və gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi Təhsil Nazirliyi və Elmlər Akademiyası ilə birlikdə «Azərbaycan dövlət rəmzləri» adlı məlumat kitabının hazırlanıb çap olunmasını, dərslik, plakat, təqvim və digər çap məmulatlarında dövlət atributlarının təbliğ olunmasını təmin etsin.
2. Təhsil Nazirliyi ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində dövlət atributlarının öyrənilməsi işini gücləndirmək məqsədilə ciddi tədbirlər görsün.
3. Dövlət Televiziya və Radio Verilişləri Şirkəti Azərbaycanın dövlət atributlarına həsr olunmuş silsilə verilişlər hazırlayıb təqdim etsin.
4. Dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların və ictimai qurumların rəhbərləri dövlət atributlarına həsr edilən normativ aktlarda müəyyən edilmiş tələblərə ciddi əməl olunmasına nəzarəti gücləndirsinlər.
5. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 1998-ci il
№ 759


Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu
(8 iyun 2004-cü il)

Azərbaycan Respublikasının 8 iyun 2004-cü il tarixli 683-IIQ saylı Qanunu
(1 sentyabr 2005-ci il, 980-IIQD saylı qanunla edilmiş əlavə və dəyişikliklərlə)


Maddə 1. Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr
1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.
1.3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.
Maddə 2. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər
2.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Milli Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır.
2.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır.
2.3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır.
2.4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır.
2.5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:
2.5.1. Azərbaycan Respublikasının bayram günlərində;
2.5.2. hərbi andiçmə mərasimində;
2.5.3. hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;
2.5.4. hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.
2.6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, hərbi gəmilərində isə Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır.
2.7. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır.
Maddə 3. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər
3.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan Respublikası prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq Şurası sədrinin, Azərbaycan Respublikası baş prokurorunun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının, Azərbaycan Respublikası Milli Bankı idarə heyəti sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin, Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar Respublikası baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.
3.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir.
3.3. Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir.
Maddə 4. Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi
4.1. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri beynəlxalq uçuşları həyata keçirən Azərbaycan Respublikası mülki hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.
4.2. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur.
4.3. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikasının dövlət mükafatlarının, habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi istifadə edilir.
Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi
5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.
5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər.
5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir.
Maddə 6. Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi
6.1. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir.
Maddə 7. Azərbaycan Respublikası Dövlət bayrağının matəm günlərində və matəm mərasimlərində istifadəsi
7.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.
7.2. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi
8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.
8.2. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.
Maddə 9. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər
9.1. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Blue 313 C rənginə, qırmızı rənginin - Red 185C rənginə, yaşıl rənginin - Green 3405 C rənginə uyğunluğu təmin edilməlidir.
9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.
9.4. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.
Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər
Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.
Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
Maddə 12. Yekun müddəaları
12.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
12.2. Bu qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Əsasnamənin 3-cü, 4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.
12.3. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Mənbə

Azərbaycan bayraqları haqqında digər mənbə

Həmçinin bax