Müstəqil mətbuata dirsək fondu >>

31 Tem 2010 02:41 tarihinde Aydin Salis tarafından yayınlandı
   Keçdi... Mətbuatın 135 illiyi arxada qaldı. Elə bizim ümidlərimiz kimi gözləyirdik. Və həm ümidlə gözləyirdik. Heç olmasa yubiley ilində sevinəcəyimizi
düşünürdük. Düzdür Mətbuata Dövlət Dəstəyi fondunun bizlərə ayıracaq müəyyən məbləğ vəsait bizim saysız-hesabsız problemlərimizi çözməyəcəkdi. Amma ən azından bu bizə bir ruh, bir təsəlli verəcəkdi ki, bəli bizi, əyalət mətbuatını da adam yerinə qoyan tapıldı. Çox ümid edirdik. Prezidentin mətbuatın 135 illik yubileyinin keçirilməsi barədə fərmandan sonra bizlər, bir qrup əyalət mətbuatı nümayəndələri Mingəçevir şəhərində bir araya gələrək Prezident İlham Əliyevə müraciət qəbul etmişdik. Müraciətdə əyalət mediasının bir sıra problemləri sadalanmaqla prezidentdən xahiş etmişdik ki, onun mətbuatımızın inkişafı naminə yaratdığı Mətbuata Dövlət Dəstəyi fondundan əyalət mediasına da pay düşsün. Axı buna bizim mənəvi haqqımız var. Və həm də ona görə inanırdıq ki, bütün yubiley tədbirlərinə qatılan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuata Dövlət Dəstəyi fondunun icraçı direktoru Vüqar Səfərli bütün çıxışlarında dönə-dönə vurğulayırdı ki, yubiley ili olduğu üçün bu dəfə əyalət mediasına da birdəfəlik yardımlar veriləcəkdir. Təəsssüf, çox təəssüf ümidlərimiz doğrulmadı. Prezidentin mətbuatın 135 illiyi ilə əlaqar verdiyi sərəncamda təltif olunanlar və birdəfəlik yardım alanlar arasında bircə əyalət mediasının və yaxud nümayəndəsinin adı çəkilməyib. Yenə tanış üzlər, tanış sifətlər... deyirlər pay bölənin mində biri cənnətə gedər. Bu mənada mən düşünürəm ki, bu bölgüdən hər kəs razı qala bilməz. Hər halda narazılar çoxalacaqdır. Qoy olsun, eybi yoxdur. Amma sən heç olmasa Allahsız iş görmə. Bunların pay bölgüsü o qədər Allahsız , o qədər vicdansız, o qədər ağbədiyə aparılıb ki, adam istər-istəməz bunlara qışqıraraq söyləməyi gəlir. “Əşi bir allahın olsun də...”
    Əvvəla 20 min manatlıq birdəfəlik yardım alan qəzetlərin adlarını oxuyanda görürsən ki, bunlar hər il təkrar olunan siyahılardır. Adama deyərlər ay Vüqar müəllim, necə ola bilər ki, sənin vərəqi açılmayan “Mövqe ” qəzetinin adı hər il mükafat alanlar siyahısında olur, amma bu gün ictimai fikrə təsir edən “Xural”, “Reytinq”, “Təzadlar” kimi qəzetlərin adı olmur. Bu hansı ədalətə uyğundur. Belə baxanda fonddan bəhrələnənlərin elə böyük əksəriyyəti Mətbuat Şurasının və Mətbuata Dövlət Dəstəyi fondunun rəhbərlərinin bilavasitə himayəsində olan qəzetlərdir. Burada xoruzun quyruğunun görünməsinə heç ehtiyac yoxdur. Elə xoruzun özü apaydın görünür. Məşədibadın hambalı demişkən bu da cəhənnəm, bəs, bölgüdən əyalət mediasının payı hanı, bəs deyirdiniz ki, nəhayət ki, bu dəfə əyalət mətbuatına da pay ayıracaqsınız? Bəs nə oldu? Sərf eləmədi...? Axı bu fondun yaradılmasında əsas məqsəd müstəqil mətbuatın inkişafına yardım göstərməkdir. Axtarsanız indi əyalətlərdə cəmi5-6 müstəqil mətbuat var. Səxavətlə bölüşdüyünüz o hər qəzetə 20 min manatın bir payını bu 5-6- qəzetə ayıra bilməzdinizmi? Niyə bilmirdiniz? Bilərdiniz.Əvəzində biz də hiss edərdik ki, prezidentin mətbuata dəstək adlı yaratdığı fonddan bizə də bir pay düşdü. Təəssüf ki, bu dəfə də qoymadılar. Mətbuata dəstək fondu yubiley ilində də əyalət mediasına dirsək göstərdi. Və biz də bir daha inandıq ki, ədalətsiz insanlardan ədalət gözləməsinə dəyməz. Hörmətli Vüqar bəy, hörmətli Əflatun bəy, deyirlər bayram yaxşı şeydir, amma bizim evdə də olsa. Bu bayram bizə yox, fonddan bəhrələnənlərə, sizlərə aiddir. Yeyin-için, nuşi canınız olsun. Amma, sizlərdən bir ricam var, Regionlarda mətbuatın inkişafı deyə-deyə çərənləyib baş-beynimizi aparmayın. Qoyun heç olmasa öz dərdlərimizi özümüz çəkək. Bir də qüsura baxmayın.Bu müstəqil mətbuata dəstək fondu yox, dirsək fondudur.
 
Baba Mirzəxanlı, “Region-Şəki” qəzetinin təsisçisi və baş redaktoru.

 

Mənbə: MİA

 

 
Comments