“İPƏKÇİ” KEÇMİŞ SSRİ-DƏ İLK QƏZETLƏRDƏN BİRİ, AZƏRBAYCAN SSR-DƏ İSƏ İLK QƏZET İDİ Kİ KOMMUNİST PARTİYASININ ORQANI OLMAQDAN İMTİNA ETMİŞDİR! >>

10 Tem 2010 13:35 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
“İpəkçi” qəzetinin 20 il əvvəlki – 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967-1968) saylı nəşrində, V.İ. Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının simvolu olan  “Bütün ölkələrin proletarları birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş,  daha əvvəl “Azərbaycan Kommunist partiyası V.İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı,  Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet,  bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir.  Bu,  həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük hallarda təsadüf edilən bir hadisə idi. Qəzetin həmin sayında, “Oxucularımıza” sərlövhəli baş məqalədə isə redaktor, mərhum Salis Məmmədov  böyük qətiyyət, cəsarət və uzaqgörənliklə atılmış bu addım barədə daha təfsilatı ilə bəyanat verir. Məqalənin Azərbaycan  Mətbuatının 135-ci yubiley günü ərəfəsində aktuallığını və xüsusi əhəmiyyət kəsb edə biləcəyini nəzərə  alaraq, onu təkrarən dərc etməyi məqsədəmüvafiq hesab etdik:

OXUCULARIMIZA


“İpəkçi” qəzetinin sabiq redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti mərhum Salis Məmmədov, o, düz 44 il bu qəzetin redaktoru olmuşdur!












   60 ilə yaxındır ki, “İpəkçi” qəzeti sizinlə dostluq, ünsiyyət edir, ən fərəhli, ən çətin anlarda sizə üz tutur və sizinlə məsləhətləşir. “İpəkçi” sizinlə birgə boya-başa çatmış, yaşa dolmuş, Şəki ipək sənayesinin,  Şəki fəhlələrinin mübarizələrlə, qələbələrlə, məhrumiyyətlərlə dolu salnaməsini yaratmışdır.
    Zaqafqaziyanın ən böyük sənaye nəhəngi hesab edilən, çox zəngin, şərəfli keçmişi olan İstehsal İpək Birliyinin  8 min nəfərlik kollektivi son illərin çətin sınaqlarından da alnıaçıq çıxmış, öz doğma müəssisələrini yeni qaydalarla idarə edərək qabaqcıl, öndə gedən kollektiv kimi tanınmışdır. İndi fəhlələrimiz, mühəndis-texniki işçilərimiz həyata daha ayıq nəzərlə baxır,  yeri gələndə öz müəssisələrinin,  şəhərlərinin, respublikalarının qeyrətli təəssübkeşləri kimi çıxış edirlər.
Bu gündən etibarən “İpəkçi” qəzeti Şəki ipəkçilərinin açıq tribunası kimi nəşrini davam etdirməyə başlayır. Bu isə o deməkdir ki qəzetimiz Azərbaycan ipəkçilərinin, Şəki fəhlələrinin sağlam ideyalarına, arzu və istəklərinə, onların mənəvi dünyasına daha yaxından bələdçilik edəcək, ipəkçilərin, böyük bir kollektivin əmək, siyasi, sosial-iqtisadi həyatını yeni məzmunda işıqlandıracaq, fəhlə sözünə, fəhlə istəyinə öz münasibətini daha açıq bildirəcəkdir.
   “İpəkçi” qəzeti bu gün fəxr edə bilər ki, o, 60 ilə yaxın fəaliyyəti dövründə həmişə şəkililərin, Şəki ipəkçilərinin, fəhlələrin mənafeyini müdafiə etmiş,  onları düşündürən siyasi, sosial-iqtisadi məsələlərə toxunmuş, bu zaman sözün əsl mənasında Şəki fəhlələrinin açıq tribunasına çevrilmişdir.  Və bu gün inamla deyə bilərik ki, təkcə Şəki fəhlələri yox, Bütün şəkililər yenidənqurmanın, aşkarlığın təmiz, sərt, eyni zamanda çoxlarının xoşuna gəlməyən ab-havasını “İpəkçi” qəzetinin səhifələrində hiss etmişlər. Qəzet özünün son 57 ildəki amalına sadiq qalaraq yenidənqurmanın, aşkarlığın əleyhdarlarını, üzdə özlərini xalq mənafeyinin, yenidənqurmanın fəal müdafiəçiləri kimi göstərən, əslində isə həyata şəxsi arzularının  pəncərəsindən baxanları, xalqı düz yolundan azdıranları özünün ən kəsərli, qılıncdan da iti söz silahı ilə, necə deyərlər, “məhşər ayağına”  çəkmiş, belələrinin əsl antipod olduğunu, qanlarındakı ekstremist əhval-ruhiyyəni açıb göstərmişdir.
“İpəkçi” oxucularını bir daha əmin edir:  o yerdə ki kollektivin – fəhlə mənafeyinin, ipəkçi haqqının, hüququnun, daha dəqiq desək, böyük hərflərlə yazılan insanın mənafeyinə qəsddən, təcavüzdən  söhbət gedir, “İpəkçi” həmişəki kimi öz mübariz səsini ucaldacaq, haqqın, ədalətin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqdır.
Uzun illər, elə yarandığı dövrdən “İpəkçi” qəzeti də təmsil etdiyi müəssisə partiya, həmkarlar ittifaqı və komsomol  komitələrinin orqanı kimi nəşr edilmişdir. Bütün bu uzun müddət ərzində “İpəkçi”, onun fəhlə müxbirləri öz üzərilərində həm də şəhər partiya komitəsinin – etiraf edək ki, çox vaxt azad düşüncəni, azad fikri buxovlayan təsirini, hegemonluğunu hiss etmişlər.
    Aydın məsələdir ki fəhlə qəzeti durğunluq illərində də, ondan əvvəlki vaxtlarda da orqanı olduğu təşkilatların xəttini yeritsə də, heç vaxt həqiqət yolundan dönməmiş, həmişə neqativ hallara qarşı mübarizə aparmışdır. Heç bir yad təsir, inzibati amirlik cəhdləri onun iradəsini qıra bilməmiş, o, sağlam fəhlə əqidəsinin müdafiəçisi olmuşdur. Və bu gün onu da etiraf etməliyik ki, “İpəkçi”  ən çətin anlarda,  bürokratlarla, onu nüfuzdan salmağa çalışan “qara” qüvvələrlə üzləşərkən, heç də həmişə şəhər partiya komitəsindən, eləcə də birliyin ictimai təşkilatlarından arzu etdiyi köməyi, mənəvi yardımı ala bilməmişdir. Eşq olsun şəkililərə, Şəki ipəkçilərinə, qeyrətli oğul-və qızlarımıza ki, onlar “İpəkçi”ni çətin anlarda darda qoymamış, onun əlindən tutmuş, qəzetin – haqqın, ədalətin tərəfinə keçmişlər.
    Biz qəzetimizi Şəki ipəkçilərinin açıq tribunasına çevirərkən, yenə də halallıqla dolanan qeyrətli fəhlə-ipəkçi oxucularımıza, bütün şəkililərə üz tutur, onları bizimlə həmrəy olmağa, tribunamızda öz sözlərini heç kəsdən qorxmadan, çəkinmədən açıq deməyə çağırırıq.
   Əziz oxucular. Bizim sizinlə dostluq etməyimizə – çətin şəraitdə ümumi işimizə kömək edən təkliflərinizə, arzu və istəklərinizə, mübariz fəhlə, ipəkçi sözünə ehtiyacımız vardır. Qəzetimizin səhifələri üzünüzə açıqdır. Bu tribunaya qəlbi Vətən qeyrətli, torpaq sevgisi, xalq məhəbbəti ilə dolu olan hər kəs çıxıb, xalqla üz-gözə, göz-gözə dayanıb, kimsədən çəkinmədən öz sözünü – düzü-düz, əyrini-əyri deyə bilər.
    Bu gün Şəki ipəkçilərinin açıq tribunası kimi nəşrini böyük həvəslə, inamla davam etdirən qəzetin Sizin – elə hamının yanında başı uca, üzü ağdır. Təkcə elə bu bir ilin səhifələrini çevirsəniz, siz “İpəkçi”nin necə böyük çətinliklərlə üzləşdiyinin, xalqın, fəhlələrin, ürəyindən olan mövzulara,  problemlərə necə cəsarətlə toxunduğunun bir daha şahidi olacaqsınız. “İpəkçi” heç bir şəxsi mənafe güdmədən öz vəzifələrini yerinə yetirərkən, Şəki Şəhər partiya Komitəsinin sabiq birinci katibi Azər Mustafazadənin, respublika prokuroru İlyas İsmayılovun, həmçinin şəhər partiya komitəsinin indiki birinci katibi Mürvət Əliyevin, habelə, Azərbaycan KP MK-nın keçmiş rəhbərliyinin  xalqa, kommunistlərə zidd, demokratiya ilə bir araya sığmayan mövqelərini tənqid etmiş, rayonun hüquq işçilərini ancaq haqqın. ədalətin keşiyində dayanmağa çağırmışdır. Bu yenilməz xətti gələcəkdə daha qətiyyətlə davam etdirəcəyik.
   Gələn ildən “İpəkçi”nin auditoriyası daha da geniş olacaqdır. Hazırda İstehsal İpək Birliyinin xalqın yanar ürəyi olan dağlıq Qarabağda – Xocalıda, Ağdaşda və Qaxda filialları fəaliyyət göstərir. “İpəkçi”nin oxucuları heç şübhəsiz respublikamızın ən qaynar nöqtələrindən səsimizə səs verəcək, üzlərini daha qətiyyətlə bizim tribunamıza doğru çevirəcəklər.

“İpəkçi”
 12 dekabr 1990-cı il

Comments