Acınacaqlı vəziyyət: Azərbaycanda bu il cəmi 12 ton barama yetişdirilib!

23 Tem 2011 15:28 tarihinde Aydin Salis tarafından yayınlandı
   Vəziyyət olduqca acınacaqlıdır! 2003-cü ildə 140 ton barama yetişdirildiyi halda, bu il cəmi 12 ton barama yetişdirilib! "Şəki-İpək" ASC-dəki ipəkçi mütəxəssislər deyirlər ki, 2003-cü ildə  bu müəssisənin 3 işçisinin - Tahir Məmmədov, Sabir Kərimov və Sabiq İmanovun fədakarlığı sahəsində  6 illik fasilədən sonra baramaçılıq bərpa olunmuş və elə birinci dəfəyə Respublikada 140 ton barama yetişdirilmişdi. Adları çəkilən şəxslər kəndləri evbəev gəzmiş, çoxlu adamı barama becərməyə razı salmışdılar. Planlaşdırılırdı ki, növbəti illərdə istehsal 500 tona çatdırılsın və bu da "Şəki-İpək" şirkətinin Baramaaçan istehsalatında azı 600 nəfərin daimi işlə təmin olunması demək idi. Lakin sonrakı illərdə "Şəki-İpək" ASC-nin yeni rəhbəri Elman Qarayevin rəhbrəliyi dövründə  yerlərdə barama istehsalına diqqət yetirmədi. Daha sonrakı rəhbərlik isə baramanın xaricdən alınmasına üstünlük verdi. 2010-cu ildə Özbəkistan barama ixracına qadağa qoyulduqdan sonra isə "Şəki-İpək" ASC heç bir yerdən barama ala bilmədi. Nəticədə "Şəki-İpək" ASC-nin Baramaaçan istehsalatında çalışan fəhlələrin sayı 900-dən 600-ə, sonra isə 300-ə düşdü və bu li mart ayının 18-də xammalın tam tükənməsi səbəbi ilə həmin istehsalatda iş ahəngi tamamilə dayandı.

  Bəs baramaçılıqdakı tənəzzülün səbəbləri nədir? Bəzən deyirlər ki, guya bu çox gəlirli sahədir?! Əslində isə heç də belə deyil! Bu sahə  nə indi, nə də Sovet dövründə heç vaxt gəlirli sahə olmayıb! Sovet dövründə kümçülər yetişdirdikləri yaş sənaye baramasının 1 kq.nı orta hesabla 7-8, toxumluq baramanı isə 10-11 manata dövlətə təhvil verirdilər. Barama bəsləyən hər ailə bir mövsümndə orta hesabla  50 kq məhsul götürə bilirdi və bunu dövlətə təhvil verib əvəzində 400-500 manat pul alırdı. Kümçüləri həm də tut bağları daha çox maraqlandırırdı, hansı ki o vaxt  barama becərmək üçün kolxozdan onlara sahə ayrırdı, barama mövsümü başa çatandan sonra kümçülər həmin ərazinin otunu öz mal-qarası üçün istifadə edə bilirdilər, həmçinin, orada özləri üçün bostan-tərəvəz məhsulları da yetişdirə bilirdilər və s. Sovet dövründə dövlət baramaçılığa birbaşa olmasa da, dolayı yolla dotasiya verirdi. Belə ki ipək parça, yaxud kəlağayı, maya dəyərindən 2 dəfə ucuz qiymətə satılırdı. Bu isə o demək idi ki dövlət qəsdən, baramanı kümdarlardan azı 2 dəfə baha qiymətə satın alır!  

   Hal-hazırda Azərbaycan kümdarları yetişdirdikləri baramanı "Şəki-İpək" ASC-nə 3 manata satırlar. Bu çox aşağı bir məbləğ olduğu üçün kəndlərdə barama becərməyə meyl etmirlər. Müqaisə üçün qey edək ki Özbəkistanda dövlət planı var; kümdarlar  dövlət planını yerinə yetirməyə borcludurlar və yetişdirdikləri baramanı təxminən 1 dollara dövlətə satırlar, amma onu da nəzərə almaq lazımdır ki, Özbəkistanda 1 dolların alıcılıq qabiliyyəti, Azərbaycandakı 3 manatın alıcılıq qabiliyyətindən daha çoxdur, başqa sözlə, Özbəkistanda 1 dollara satın almaq mümkün olan şeyi, Azərbaycanda 3 manata satın almaq olmur! 

   Maraqlıdır ki Azərbaycanda istehsal edilən demək olar ki hər şeyin maya dayəri, xaricdən gətirilən eyni şeyin satış qiymətindən bahadır?! Hesab edirik ki baramaçılığın bugünkü acınacaqlı vəziyyətinin və bu sahənin tənəzzülə uğramasının əsas səbəbi Azərbaycanda baramanın strateji bir məhsul olduğunun hökumət səviyyəsində hələ də başa düşülməməsi və həmin səbəbdən də dövlət səviyyəsində bu sahəyə diqqət yetirməməsidir. Məsələn götürək, taxılı; aydındır ki  Azərbaycanda istehsal olunan buğdanın maya dəyəri xaricdən gətirilən buğdanın satış qiymətindən bahadır! lakin buna baxmayaraq, dövlət çalışır ki Azərbaycanda buğda əkilsin! Və bunun üçün də taxıl yetişdirən fermerlərə dotasiyalar, güzəştli kreditlər və s. verir. Əgər bütün bunlar barama bəsləyənlər üçün də nəzərdə tutulsaydı və tətbiq olunsaydı, hesab edirik ki ölkədə istənilən qədər barama yetişdirilə bilərdi  və "Şəki-İpək" ASC-nin Baramaaçan istehsalatında da azı 1000 nəfər üçün daimi iş yeri olardı!

 Aydın Məmmədov,
"İpəkçi" qəzetinin baş redaktoru
Comments