"Şəki-Bazar" ASC-nin rəhbəri həbsdən azad edilsə də Şəkidən qovuldu! >>

22 Ara 2011 12:07 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Xəbər verdiyimiz kimi, 16 dekabr 2011-ci il tarixdə "Şəki-Bazar" ASC-nin rəhbəri V.Abdullayev və daha  2 vəzifəli şəxsi həbs edilmişdir. Həmçinin qeyd eləmişdik ki, 15 dekabr tarixdə bazar ərazisində insident baş vermişdi - satıcılardan biri "Şəki-Bazar" ASC-nin rəhbərliyinin qanunsuz əməllərinə dözə bilməyərək özünü yandırmağa cəhd edib ( Bax:>> ). Yeri gəlmişkən, xatırladırıq ki, analoji hadisə 1 il əvvəl də olub: bir mömin zərgər,  bazardakı  emalatxanasına görə ondan birdən-birə  7 dəfə artıq yer pulu istənilməsinə etiraz olaraq özünü yandırmağa cəhd etmişdir. O vaxt həmin insident ört-basdır edilsə də, bu dəfə hüquq-mühafizə orqanları bir az cəld tərpənərək hadisəni isti-isti araşdırmağa az-maz cəhd ediblər.  ASC-nin rəhbəri V.Abdullayev  onlara mane olmaq istədikdə isə onu 2 köməkçisi ilə birlikdə "polisə müqavimət" adı altında həbsə atıblar.
  Lakin bazar ertəsi - 19 dekabr tarixdə  V.Abdullayev və köməkçiləri həbsdən azad edilib. Rəsmən təsdiq olunmasa da, mötəbər mənbələrə görə o, artıq nəinki "Şəki-Bazar" ASC rəhbərliyindən kənarlaşdırılmışdır, hətta Şəkidən də belə qovulmuşdur.
  Baş verən hadisələrlə bağlı, Şəki Rayon Prokurorluğu hələlik heç bir rəsmi açıqlama vermir, həmçinin cinayət işinin açılıb-açılmaması da məlum deyil.
 Sonda onu da xatırlatmaq yerinə düşər ki, bu ilin fevral ayında da şəkli sahibkarlardan biri yerli hakimiyyətə etiraz olaraq özünü körpüdən atmaqla intihar etmişdir. O vaxt  mərhum sahibkarı intihara vadar edən vəzifəli şəxslərdən ikisi həbs edilsələr də, sonra onlar icbari cəza ilə azadlığa buraxıldılar və onlardan birinə - Eldəniz Qəhrəmanova yüksək "etimad" göstərildi:  o, YAP Şəki  Təşkilatının aparatında  ştatlı məsul  vəzifəyə irəli çəkildi?!  
Comments