“ŞƏKİ-İPƏK” ASC-NİN BOYAQ-BƏZƏK İSTEHSALATI NƏZDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN TİKİŞ SEXİNDƏ HAZIRLANMIŞ 1OOO DƏST MƏKTƏBLİ FORMASI ANBARDA YIĞILIB QALMIŞDIR... >>

10 Tem 2010 14:35 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   
2 ildir ki “Şəki-İpək” ASC-nin Boyaq-Bəzək istehsalatında iş ahəngi bərpa olunub, amma qismən, istehsalat tam gücü ilə işləmir. Bu ildən etibarən,  daha əvvəllər istehsalatın 3 mərtəbəli nəhəng binasının 2-ci və 3-cü mərtəbələrdə yerləşmiş  dəzgahlar  da 1-ci mərtəbəyə köçürülmüş və istehsal prosesi yalnız 1-ci mərtəbəni əhatə etməyə başlamışdır.  “2-ci və 3-cü mərtəbələrdən qurtarmışıq”, – istehsalatın meneceri  Mirzəli Məmmədov belə dedi və əlavə etdi ki, “əvvəllər gülvuran dəzgahlar  3-cü mərtəbədə,  parça qurudan dəzgahlar isə 2-ci mərtəbədə idi,  bu hazırkı şəraitdə bizim üçün əlavə xərc və istehsal prosesinin uzanması deməkdir,  yəni yuxarı mərtəbələrə su vermək,  par vermək, parçanı liflə qaldırmaq və bunun üçün əlavə işçi saxlamaq və s. Ona görə, istehsalın maya dəyərini aşağı salmaq məqsədi ilə biz lazım olan bütün dəzgahları 1-ci mərtəbəyə köçürdük. İndi 1-ci mərtəbədə həm parçanı boyayırıq, həm gülləyirik və həm də quruduruq.  Hətta bu yaxınlarda şablon hazırlamaq üçün lazer aparatı da alınıb, o da 1-ci mərtəbədə quraşdırılmışdır”.
     Mirzəli Məmmədov həm də bildirdi ki, “istehsalatda 3-ü texniki işçi olmaqla, cəmi 25 nəfər işləyir, daha əvvəllər, Toxucu istehsalatında toxunan parçalar Mərkəzi anbara verilirdi və oradan da xam parça kimi satılırdı.  İndi isə Boyaq-Bəzək istehsalatının fəaliyyəti qismən bərpa edildiyinə görə, mərkəzi anbardakı xam parça bura gətirilir, müştərilərin sifarişinə uyğun olaraq boyanır, yaxud güllənir”.  Menecer şikayətlənir ki “əvvəllər SSRİ dövründə, Moskvada yarmarkalar keçirilirdi,  bu istehsalat isə azı 6 ay həmin yarmarkaya hazırlaşırdı,  sonra müxtəlif çeşidli məhsullar ilə yarmarkada iştirak edirdi, oraya SSRİ-nin hər yerindən alıcı təşkilatların, tikiş fabriklərinin nümayəndələri gəlirdilər, sonra bizimlə müqavilə bağlayırdılar ki, filan çeşidli maldan bizə filan qədər göndərin. İndi biz özbaşına heç nə hazırlamırıq, müştəri bizə sifariş verir ki mənim üçün filan rəsmli, filan boyalı parça istehsal et və əvvəl nümunə üçün hazırla görüm necə hazırlayırsan, sonra baxarıq. Bu yaxınlarda Moskvadan belə bir sifariş aldıq və nümunə hazırlayıb özlərinə göndərdik, bəzi nöqsanları qeyd elədilər, bizə qaytardılar ki onların sifarişlərini yenidən işləyək və biz də bu dəfə tam onlar deyən kimi etdik nümunə göndərdik, bəyəndilər. İndi gözləyirik ki, nə qədər sifariş verəcəklər biz də istehsal edək”.
    Biz istehsalatın sexlərində gəzərkən,  yalnız  yalnız maxer tipli parçaların boyanma prosesini seyr edə bildik. Öyrəndik ki, bu parçalar boyandıqdan sonra, istehsalat nəzdində fəaliyyət göstərən tikiş sexinə göndərilir və orada onlar doğranır, yanları tikilərək dəsmal halına salınır sonra isə qablaşdırılir. 
    Bu sexdə həm də müxtəlif çeşidli paltarlar, o cümlədən məktəbli kostyumları da istehsal olunub. Lakin Mirzəli Məmmədov şikayətləndi ki, “bizim istehsal etdiyimiz 1000 dəst məktəbli forması anbarda yığılıb qalıb, camaat gedib bazardan Türkiyə-Çin istehsalı olan keyfiyyətsiz məhsulları  alırlar biz isə öz malımızı sata bilmirik ki,  bu istiqamətdə istehsalı davam etdirək, halbuki, bizim hazırladığımız kostyumlar daha keyfiyyətli və qiymətlərinə  görə alıcı üçün sərfəlidir, cəmi 24-28 manat! Təhsil Nazirliyi və Şəki Təhsil şöbəsi isə nədənsə, bizimlə alış-veriş etməyə meyilli deyil...
A.Məmmədov
Comments