BU İLİN 1-Cİ YARISINDA ŞƏKİ VEB-MƏKTƏBİ DMOZ İNTERNET KATALOĞUNUN DAHA 3 XALQIN DİLİNDƏKİ – TÜRKMƏN, ÖZBƏK VƏ UYĞUR DİLLƏRİNDƏKİ, KATEQORİYALARINI YARATMIŞDIR! >>

11 Tem 2010 11:16 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
  DMOZ-un şərti adı “Salis” olan azərbaycanlı-şəkili redaktoru, bu ilin 1-ci yarısında, ilk dəfə olaraq həmin kataloğun  türkmən, özbək və uyğur dillərində yeni kateqoriyalarını yaratmaqla, özünün,  Şəkinin və Azərbaycanın adını, əbədi olaraq o qardaş xalqların internet tarixinə daxil etmiş oldu!
   Biz, “İpəkçi”nin əvvəlki saylarının birində, DMOZ, yəni Açıq Kataloq Layihəsi, haqqında məlumat vermişik və göstərmişik ki, bu kataloq, “Google” İnternet Kalaloğunun və onlarla digər veb-kataloğun, həmçinin, “Google” axtarış sisteminin əsas bazasıdır. İndi isə qardaş türkmən, özbək və uyğur dillərinin bugünkü vəziyyəti  və bu dillərdə internetin inkişaf səviyyəsi barədə bir neçə kəlmə qeyd edək.
   Cəmi 1 əsr əvvəl  demək olar ki, eyni orfoqrafik  qaydalar ilə, eyni əlifba ilə yazan və eyni dildə danışan türkər, azərbaycanlılar, türkmənlər, özbəklər və uyğurlar bu xüsusda, zaman-zaman bir birindən xeyli  aralanmış yazılarında fərqli əlifbalar,  fərqli orfoqrafik qaydalar tətbiq etməklə,  eyni sözləri fərqli şəkildə tələffüz etməyə, fərqli terminlər qəbul etməyə və fərqli danışmağa başlamışlar. Son illər türk xalqlarının birliyindən çox söhbət açılsa da, türk dillərinin yaxınlaşdırılmasından çox söhbətlər getsə də və bu xüsusda nə qədər simpoziumlar, qurultaylar və s.lər keçirilsə də bunlar hamısı əslində boş şeylərdir və həqiqətdə, türkdilli xalqlar bir-birindən daha sürətlə uzaqlaşmaqdadırlar.
   DMOZ-un türkmən dilində kateqoriyasını yaradan Salis diqqət yetirmişdir ki, bu ölkədə veb-quruculuğun səviyyəsi heç də qənaətbəxş hesab oluna bilməz, türkmən dilində olan saytların sayı isə 100-dən o qədər çox deyil və onların da 30 %-i İran türkmənlərinə məxsusdur. Türkmənlər yazıda artıq latın əlifbasını tətbiq edirlər. Amma, görünür, hələ də bu əlifbada yazıb-oxumaqda çətinlik çəkməkdədirlər. Belə ki, hətta Türkmənistan Elmlər Akademiyasının saytının adında belə orfoqrafik xətaya yol verilmişdir. Maraqlıdır ki, bəzi dövlət saytlarının rus yaxud digər xarici dilərdəki versiyaları olduqları halda, türkmən dilindəki versiyaları yoxdur, yaxud varsa da işləmir.
   29 milyon nəfər əhalisi olan Özbəkistanda isə internet nisbətən daha yaxşı inkişaf etmişdir. Özbək dilində bəlkə 1000-ə qədər, yaxud daha çox sayt var. Lakin bu ölkədə rus dilində olan saytlar daha çoxdur. Özbəklər latın əlifbasına keçid mərhələsindədirlər. Onların bir çox saytları latınla olsa da, daha çoxu kirillədir. Özbək latın əlifbası 26 hərfdən ibarətdir, daha doğrusu, heç bir spesifik işarə qəbul olunmamışdır.  Onlar ğe səsini yazmaq üçün “g” hərfinin yanına bizim köhnə apastrofu qoyurlar ( g’), şe səsini “sh”,  çe səsini isə “ch” kimi yazırlar. Latın əlifbasındakı İks (x) hərfi isə bizdəki kimi xe səsini bildirir. Onu da əlavə edə ki, Özbək kiril əlifbası, əslində, çox qəribə xüsusiyyətlərə malik  idi. Məsələn, “a” hərfi özbək sözlərində “ə” kimi, rus sözlərində “a” kimi, “o” hərfi özbək sözlərində “a” kimi, rus sözlərində isə “o” kimi tələffüz olunurdu. Bizim üçün  qəribə və mənası məlum olmayan bu hal, təəssüf ki, eyni ilə Özbək latın əlifbası üçün də tətbiq olunmaqdadır.
    O ki qaldı uyğurlara və həmin dildə internetin səviyyəsinə, hesab edirik ki, bu barədə aşağıdakı qeydlərimiz Azərbaycan oxucusu üçün xeyli maraqlı ola bilər. Uyğurlar Çində, 20 milyon nəfər əhalisi olan Muxtar  rayon əhalisinin 42 %-ni təşkil etməkdədirlər. Həmin rayonun adını biz səhvən, “Sincan  Uyğur Muxtar Vilayəti”,  “Sintzyan-Uyğur Muxtar Vilayəti”, “Sinczyan-Uyğur Muxtar Vilayəti” kimi yazmaqdayıq, amma uyğurlar özləri belə deyirlər: “Şincan Uyğur Aftonom rayoni”.  Uyğurların azı 4 əlifbası var, rəsmi əlifba isə ərəb əlifbasıdır, hansı ki “Köhnə yazik” deyirlər. Lakin onların “köhnə yazı”sı bizin lap köhnə yazıdan xeyli fərqlənməkdədir. Onlar yazılarında hərəkələrdən istifadə etməklə uyğur dilindəki hər bir səsi dəqiq olaraq göstərirlər. Ərəb sözlərini isə öz tələffüzlərinə uyğun olaraq yazırlar.  Şincan Uyğur Muxtar Rayonunun hökumət saytları da bu əlifba ilədir, saytın uyğur versiyası olmadığı halda Ana səhifəsinin lap yuxarısında, çin dilindən əvvəl, məhz uyğur dilində və bu əlifba ilə saytın adı göstərilir. Onların 2-ci əsas əlifbaları isə Şincan Universiteti tərəfindən qəbul  olunmuş “Uyğur Kompyuter Yaziqi-UKY”dir. Burada bizdəki kimi “ü” və “ö” hərfləri olsa da özbəklərdəki kimi şe səsini “sh” kimi, çe səsini “ch” kimi yazırlar. Xe səsi isə bizdə və özbəklərdə olduğu kimi iks (x) ilə yazılır. Türkmənlər kimi isə uyğurlar ve səsini “v” hərfi ilə yox, “w” ilə yazırlar. O ki qaldı uyğur dilində olan saytlara, bu barədə qeyd edək ki, müstəqil dövlətləri olmayan uyğurların dilindəki internet heç də pis inkişaf etməmişdir, uyğurca saytların sayı 300-ə qədər, yaxud daha çoxdur və hələ üstəlik, uyğur dili uçün xeyli mükəmməl onlayn lüğətlər (uyğurcadan inciliscəyə, türkcəyə, çincəyə) və mətni bir uyğur əlifbasından digər uyğur əlifbasına çevirmək üçün onlayn konverterlər mövcuddur. 
 
"İpəkçi" qəzeti
Comments