Yerli hakimiyyətə etiraz etmək məqsədilə özünü körpüdən atan şəxs torpağa tapşırıldı

4 Şub 2011 03:59 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
   Fevralın 3-də yerli hakimiyyətə etiraz etmək məqsədilə özünü körpüdən atan 1952-ci il təvəllüdlü  Hikmət Əhməd oğlu Səlimov bu gün fevralın 4-də, torpağa tapşırıldı. O, dünən saat 11:00 radələrində  özünü Qoxmuq kəndinə gedən yolda, Kiş çayının üzərindəki 15-20 metr hündürlüyü olan körpüdən ataraq intihar edib. Hadisəyə qədər onun Şəki şəhərində tikinti materialları satmaq     üçün sahəsi 20-25 kvadratmetr olan bir mağazası var idi. O, buranı bir-neçə il əvvəl satın almışdı. Həmin vaxt mağaza ilə birlikdə ona bir Zil markalı bir yük avtomobilini də satmışdılar. Maşına verilən etibarnamənin müddəti bitdikdən sonra, maşının köhnə sahibi həmin maşın üzərinə həbs qoydurur, sonra isə dələduzluq yolu ilə maşını geri alır. Şahidlərinin sözlərinə görə, hadisə baş verməmişdən bir qədər əvvəl,  bələdiyyə və icra hakimiyyəti məmurlarının göstərişi ilə  mərhumun dükanı bulduzerlə dağıdılmışdır. Mərhum bu hadisəyə etiraz olaraq özünü körpüdən atacağını bildirsə də, onun sözlərinə əhəmiyyət verməyiblər. Şəki İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanov söyüşlə deyib ki, "...get hardan istəyirsən at!".  Nəticədə Şəki şəhərində növbəti intihar hadisəsi baş verdi! Deyilənlərə görə ona ən çox təsir edən bu imiş ki, nəyə görə onun dükanının yanındakı dükanları sökməyiblər və yalnız onun obyektini dağıdıblar. O ki qaldı Eldəniz Qəhrəmanova, o deputat Siyavuş Novruzovun yaxın qohumu olmaqla, Şəkinin qeyri-rəsmi İcra hakimiyyəti başçısı hesab edilməkdədir...
 
   "Azadlıq" qəzetinin saytına görə, fevralın 3-də Şəkidə sahibkar Hikmət Səlimovun intihara vadar edilməsi ilə əlaqədar rayon rəsmilərindən iki nəfər həbs olunub. Bu barədə “Azadlıq”a rayondakı mənbədən bəlli olub.
     Məlumata görə, həbs olunanlardan biri Şəki İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanovdur, o biri isə tikinti və memarlıq şöbəsinin müdiri - baş memar Yusif Abdurrahmanovdur...
    Lakin bizim məlumatımıza görə bu adamlar sadəcə, istintaqa cəlb ediliblər. Və onların, xüsusilə, E.Qəhrəmanovun, "möhkəm" arxası olduğuna görə, inanmaq mümkün deyil ki, həbs edilsinlər. Azərbaycan reallığında bu kateqoriyalı adamlar 1 yox, 11 adamın da ölümünə bais olsalar belə yenə də həbsdən canlarını qurtara bilirlər!
    "Azadııq" qəzeti absurd olaraq bu işdə birbaşa Şəki şəhərinin icra başçısını günahkar hesab edir. Bu qəzetə görə mağazanın sökülməsi barədə göstərişi icra başçısı verdiyinə görə bütün məsuliyyət elə onun da boynuna düşməlidir. Əslində isə söküləcək qanunsuz obyektlərin siyahısını E.Qəhrəmanov şəxsən, özü hazırlamış və icazəsiz-filansız özü də icra etmişdir! "Azadlıq"qəzeti Şəkinin keçmiş icra başçısını və onun qardaşını da süni yolla bu məsələyə qatmaqla diqqəti E.Qəhramanovdan yayındırmağa çalışır. halbuki Şəkinin keçmiş icra başçısı və onun qardaşını 1 ildir nəinki, Şəkidə, heç Azərbaycanda belə görən olmayıb!
 
  R.S.Yeri gəlmişkən, qeyd edək ki, "İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin redaksiya ortaqları və redaksiya invertarları Şəki icra hakimiyyətinin əvvəlki başçıları tərəfindən öz xeyirlərinə "müsadirə" edilmişdir. Bu əlbəttə ki, nadanlıqdan başqa bir şey deyil, bəyəm, Şəki icra hakimiyyəti Şəkinin yarısını satdığı halda, Respublikada nəşri davam edən yeganə fəhlə qəzetinin Sovet hakimiyyətindən qalan redaksiya otağını və invertarlarını o cümlədən ilk müstəqil region qəzetinin redaksiya otağını və otaq invertarlarını satmaqla bir az daha varlanacaqdımı? Maraqlıdır ki, 2 ildir ki, bizim otaqlarımızı qaytarmaq fikirləri də yoxdur, baxmayaraq ki Prezidentə 20 dəfə yazdıq, oradan da göstəriş gəldi ki tədbir görülsün, amma heç nə vermədilər, Niyə? Çünki, rüşvət vermirik; indi hansı dövrdür ki, rüşvətsiz kiməsə bir şey versinlər?! Nə olsun ki Prezident deyir "qaytarın bunların otaqlarını"? Kimdi Prezidenti sayan? Bu şəhərdə rüşvət Prezidentdən daha qabağadır!!! Şəki şəhər icra başçısı da şəxsən, bizə söz verdi, icra hakimiyyəti işçilərinə də göstəriş verdi, amma bizim otağımızı qaytarmadılar ki, qaytarmadlar! Yəni İcra hakimiyyəti başçısı əslində heç bir səlahiyyəti olmayan adamdır, onun göstərişi məmurlara pul gətirəcəksə icra edirlər, mənfəəti yoxdursa icra etmirlər. Bu baxımdan, əgər söz gedən mağazanın sökülməsi barədə göstərişi İcra hakimiyyəti başçısı veribsə də Şəkinin qeyri-rəsmi icra başçısı Eldəniz Qəhrəmanovun heç bir mənfəət güdmədən həmin qərarı icra etməsi inandırıcı görünmür!
   Əlavə edək ki, Şəki rayonu 2009-cu ildə Azərbaycanda ən çox intihar hadisəsinin baş verdiyiyi yer olmuşdur. Bu intiharların bir qismi bəlkə də əksəriyyəti yerli hakimiyyətə etiraz məqsədi ilə törədilmişdir. Şəki şəhərində işıəyən əhalinin orta əmək haqqı 100 manatdan çox olmadığına görə burada sosial problemlər kəskin həddə çatıb. Əhalinin işləyən və pul qazanan qisminin maddi gəliri başqa yerlərə nisbətən 5-10 dəfə az olduğu üçün aydındır ki parazit həyat tərzi keçirən, yəni əhalinin işləyən qismini soymaqla "yaşayan" məmurların qazancı da başqa yerlərə nisbətən burada 5-10 dəfə az olmalıdır. Bu tip məmurlar öz qazanclarını digər yerlərdəki həmkarlarının qzanclarına çatdırmaq üçün rüşvətsiz heç bir problemi həll eləmək istəmirlər və yaxud zəhmətlə pul qazananlardan pul qopartmaq üçün yeni-yeni vasitələr icad edirlər. Bu vasitələrdən biri də yəqin ki sahibkarların obyektlərini sökməklə hədələmək və sökməkdir.
Comments