AZƏRBAYCANDA İPƏKÇİLİYİN İNKİŞAF PERSPEKTİVLƏRİ

13 Oca 2012 16:13 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 25 Ara 2017 14:42 tarihinde Admin Sheki.city tarafından güncellendi ]

    Azərbaycanda ipəkçilik 1500 illik qədim tarixə və şanlı ənənələrə malik olan bir sahədir. XX əsrin ikinci yarısında. xüsusən də 70-ci ildən başlayaraq ipəkçiliyin inkişafı daha geniş vüsət almışdı. O dövrdə respublikada ildə 5-6 min ton yaş barama, 350-400 ton xam ipək istehsal olunur, bundan on milyonlarla kvadrat metr müxtəlif çeşidli ipək parçalar toxunurdu. İpəkqurdunun bəslənilməsi və barama istehsalı ilə 150 mindən çox kəndli ailəsi (təxminən  750-800 min adam) məşğul olurdu. İpək sənayesində isə 14 min nəfərdən çox, o cümlədən Şəki İstehsal İpək  Birliyində 7 min nəfərdən çox daimi işçi çalışırdı. Azərbaycan SSRİ-də barama istehsalatına görə 2-ci (Özbəkistandan sonra), baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tuturdu. Azərbaycan baraması və ondan alınan ipək dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük müvəffəqiyyət qazanmış, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Təəssüf ki  respublikamız müstəqillik əldə etdikdən dərhal sonra hakimiyyətə gəlmiş qüvvələrin  səriştəsizliyi ucbatından ölkəmizdə yaranmış siyasi və iqtisadi hərc-mərclik  bir çox sahələr kimi ipəkçiliyə də güclü zərbə vurdu. Respublikamızda olan 2  damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayonun baş barama qurutmaxanası, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi, “Şəki-İpək” şirkəti, Ordubad və Ağdaş baramaaçma fabrikləri öz istehsalı dayandırmalı oldu, 100 minlərlə adam işsiz qaldı. 1500 illik Azərbaycan ipəkçiliyi məhv olmaq təhlükəsi ilə qarşılaşdı.

Lakin ümummilli lider H.Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması bir çox bəlalarla yanaşı bu təhlükənin də qarşısını aldı. Onun şəxsi tapşırığı və sərəncamı ilə 2001-ci ildə dövlət: büdcəsində xeyli vəsait ayrılaraq "Şəki-İpək" ASC-nin (keçmiş Şəki İstehsal İpək  Birliyinin) istehsal fəaliyyəti bərpa olundu. Hazırda müəssisənin tam istehsal gücü ilə xam ipək istehsal etməsi üçün ildə 650-700 ton quru barama tələb olunur ki, bu da təxminən 2000 ton yaş barama deməkdir. Ancaq respublikamızda tut ipəkqurdunun bəslənilməsi və yaş barama  yetişdirilməsi çox cüzi səviyyədə olduğu üçün müəssisə öz istehsal gücünü qismən də olsa ödəmək naminə son illərdə (2004-2008-ci illər) xaricdən bir neçə yüz ton quru barama almağa məcbur olmuşdur. Halbuki mövcud potensial imkanlarından səmərəli istifadə etməklə, o cümlədən ipəkçiliyin yem bazasını və barama toxumu istehsalmı gücləndirməklə respublikamızda 2000 ton yaş barama yetişdirmək mümkündür!

Respublikamızda 2000 ton yaş barama istehsal olunacağı təqdirdə 50-60 min kəndli-fermer ailəsinin (və yaxud təxminən 200-250 min nəfərin) tut ipəkqurdunun bəslənilməsi üçün mövsümi işlə təmin olunacağına, bu işlə təkcə yetkin yaşlı, fiziki sağlam şəxslərin deyil, həm də yeniyetmələrin, təqaüdçü qocaların və əlillərin də məşğul ola biləcəyinə, ipəkçiliyin yeni işə salınacaq damazlıq müəssisələrində, baramanın tədarükü və ilkin emalı məntəqələrində  barama qurutmaxanalarında, “Şəki-İpək” ASC-də 1000-1200 daimi iş yerlərinin açılacağına, yeni salınacaq tut plantasiyalarının respublikamızın iqtisadiyyatına müsbət təsir göstərəcəyinə, barama istehsalının artırılmasının bir çox rayonlar və bütövlükdə respublikamızın sosial-iqtisadi inkişafına yardım edəcəyinə, yetişdirilmiş baramanın müqabilində kənd əhalisinə hər il təxminən 18 milyon manat  zəhmət haqqı ödəniləcəyinə,  respublikada ümumi daxili məhsulun həcminin artacağına, beynəlxalq  standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialının artmasına səbəb olacaqdır.

Hazırda “Şəki-İpək” ASC-nin baramaaçan istehsalatı xammal çatışmamazlığı səbəbindən öz fəaliyyətini tamamilə dayandırmış və işçilər öz hesabına məzuniyyətə buraxılmışdır. İpəkçilik sənayesinin bərpası və gələcəkdə inkişafının təmin olunması, yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması, barama istehsalı ilə məşğul olan kümdarların maddi maraqlarının gücləndirilməsi, əhalinin işlə təmin olunması və onların sosial-rifah halının yaxşılaşdırılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməsini məqsədə uyğun hesab edirik:

-   respublikamızın ipəkçiliklə məşğul olmuş rayonlarında 2011-2020-ci illər ərzində yeni tut plantasiyaların salınması məqsədilə xüsusi torpaq sahələri ayrılmalı, mövcud tut bağları bərpa edilərək qorunmalı, baramaçılıq üzrə fermer təsərrüfatının yaradılması bərpa edilməlidir. Bu işlərin görülməsi üçün bələdiyyə orqanlarına lazımi miqdarda pul vəsaiti ayrılmalı və onlar Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə pul vəsaitinin təyinatı üzrə xərclənməsinə və respublikada ipəkçiliyin inkişaf etdirilməsi proqramının yerinə yetirilməsinə nəzarəti həyata keçirsələr lazımi nəticə əldə etmək olar;

- əsas və yüngül tipli konstruksiyadan hazırlanmış kümxanalarınm tikintisinə, eləcə də lazım olan dəmir rəflərin (stellajların) hazırlanmasına vəsait ayrılması təmin edilməlidir;

-   Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Şəki-Zaqatala iqtisadi regionunda yerləşən 3 barama toxumu zavodunun və 1 damazlıq ipəkçilik stansiyasının fəaliyyəti bərpa edilməlidir;

-   yem bazasının möhkəmləndirilməsi üçün aqrotexniki tədbirlər əsasında mövcud tut bağlarının yüksək məhsuldar sortlar hesabına yaxşılaşdırılması, ting istehsalının artırılması;

-   yüksək keyfiyyətli elit və hibrid qrena (barama toxumu) istehsalı üçün damazlıq işlərinin elmi əsaslar üzərində təşkili;

-   yaş baramanın alış qiymətinin aşağı olması səbəbindən (3 manat) bu sahə ilə vaxtilə məşğul olan kənd əhalisi hazırda tut ipəkqurdunu yetişdirmək istəmirlər, baxmayaraq ki, bu qiymət ipəkçiliklə məşğul olan digər ölkələrdəki qiymətdən yüksəkdir. İpəkçiliyin inkişaf etdirilməsi məqsədilə bir sıra ölkələrdə (İran, Özbəkistan, ÇXR, Hindistan və sair) yaş baramanın alış qiyməti ilə istehsal olunan məhsulun maya dəyəri arasında olan fərq dövlət tərəfindən tənzimlənir və barama emal edən müəssisələrə bir sıra güzəştlər təklif olunur. Əgər kümçülərə yetişdirdikləri hər 1 kq yaş baramaya görə dövlət tərəfindən yardım (dotasiya 2-3 manat həcmində) verilsə, o zaman respublikada barama istehsalının artırılması mümkündür;

-   tut ipəkqurdunun toxumunun istehsalı, baramanın ilkin emalı, xam ipək istehsalı müəssisələri üçün idxal olunan materiallar və avadanlıqlar müstəsna hal kimi gömrük rüsumlarından (gömrük sənədləşməsindən başqa) azad olunsun;

-   tut ipəkqurdunun toxumu, xam ipək və ipək məhsulları istehsalçıları 10 il müddətinə bütün vergilərdən azad olunsun;

-   tut ipəkqurdu toxumu, barama, xam ipək və ipək məhsulları istehsalçılarına yanacaq, elektrik enerjisi və təbii qaz güzəştli tariflərlə verilsin

İpəkçilik sənayesinin spesifik xüsusiyyətləri ona sərf olunan vəsaitin və kapital qoyuluşunun uzunmüddətli olmasını tələb edir.  

             Yuxarıda adları çəkilən problemlərin həll edilməsinə dövlət tərəfindən köməklik göstərilsə yaxın gələcəkdə ipəkçilik sahəsində duran mühüm məsələlər öz həllini tapar, eyni zamanda ipəkçiliyin gələcək inkişafının əsası qoyulmuş olar.
 
Teymur Musayev,
“Şəki-İpək” ASC İdarə heyəti sədrinin müşaviri
Comments