MƏTBUAT ŞURASININ “OYUNCAQ” RƏHBƏRLİYİ ŞƏKİYƏ NİYƏ GƏLMİŞDİ?! >>

11 Tem 2010 11:06 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Azərbaycan mətbuatının 135 ilik yubileyi ərəfəsində, şanlı tarixi və tarixi ənənələri olan Şəki mətbuatı özünün ən çətin, ən ağır, ən acınacaqlı dövrünü yaşamaqdadır! Hələ, sovet hakimiyyətindən öncə mətbəəsi olan Şəki şəhərində, indi heç bir mətbəə fəaliyyət göstərmir. Sovet dövründən qalmış mətbəə binası, avadanlıqları ilə, həmin binada yerləşən “Şəki fəhləsi” və “Şəkinin səsi” qəzetlərinin redaksiya otaqları ilə birlikdə, qeyri-qanuni olaraq satılmış, 20 nəfərdən çox işçisi olan “Şəki fəhləsi” qəzetinin, redaktor istisna olmaqla, bütün əməkdaşları, həmçinin, 10 illərlə bu mətbəədə can qoymuş, saç ağartmış fəhlələr, mürəttiblər, çapçılar işdən qovulmuşlar! O adamlar işdən qovulmuşlar ki, onlar qışın soyuq şaxtasında yoldan tapdıqları bir taxta parçasını sevinclə aparırdılar evə ki, sobaya atsınlar, özləri və uşaqları, heç olmasa, yarım saat qızınsınlar, o adamları işdən qovdular ki, onlar gündüz saat 1-ə, 2-yə qədər gözləyirdilər ki, elektrik verilsin, heç olmasa, yemək bişirə, çay  qoya bilsinlər, çünki pulları yox idi odun almağa. Əlbəttə, söhbət indiki zamandan getmir, yaxın keçmişdən gedir, 7-8 il əvvəldən. Elə mətbəə binası da həmin dövrdə satılmışdır. Məmurları heç nə maraqlandırmırdı, onlar yalnız mətbəəni və mətbəə binasını satmaq və bunun müqabilində ciblərinə pul qoymaq barədə düşünürdülər...

Regionlar üzrə ilk müstəqil qəzetin, “Şəkinin səsi”nin, redaksiyasını da satan məmurlar, bu qəzetin həmtəsisçisi və o vaxtkı baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, mərhum Salis Məmmədovdan çəkinərək, ona sağlığında Şəki icra hakimiyyətinin binasında bir otaq vermişdilər, dünyasını dəyişən kimi, həmin otağı və otaqdakı avadanlıqları da qəsb etdilər!

Nəinki Azərbaycanda, hətta, bəlkə də bütün post-Sovet məkanında nəşri davam edən yeganə fəhlə qəzetinin – “İpəkçi” qəzetinin, redaksiya otağı da, üstəlik, bütün avadanlıqları da yerli hakimiyyət tərəfindən “müsadirə” edilmişdir! Vaxtilə, Açıq məktublarla Şəki şəhərində neçə-neçə beşmərtəbəli binanın tikilməsinə nail olan və bunun müqabilində yüzlərlə ailənin evlə təmin edilməsinin əsas səbəbkarı hesab edilən “İpəkçi” qəzeti, indi redaksiya otağı olmadan fəaliyyət göstərməkdədir!

Özü qəzet nəşr edə və qəzet redaksiyası saxlaya bilməyən Şəki icra hakimiyyəti, ənənəvi qaydada, digər Şəki qəzetlərinə qısqanclıq hissi ilə yanaşmaqdadır. Eqoistliyin səviyyəsi o həddə çatmışdır ki, biz nəinki digər rəsmi tədbirlərə dəvət edilmirik, hətta, “Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən iyulun 10-da Şəki şəhərində təşkil edilmiş konfrans, həmin sərəncamdakı müddəalara zidd olaraq “tam məxfi” şəraitdə, yəni bizim iştirakımız olmadan keçirilmişdir!

Əgər, məqsəd bizi Prezidentə, dövlətçiliyə qarşı qaldırmaqdırsa, qoy heç özlərinə əziyyət verməsinlər, bilsinlər ki, biz necə ki heç vaxt bu yolu seçməmişik, bundan sonra da heç vaxt o yolla getməyəcəyik, amma, necə ki həmişə haqq-ədalət uğrunda mübarizə aparmışıq, bundan sonra da mübarizə aparacağıq, əvvəlkindən daha kəskin və daha effektli!

Mətbuat Şurasından isə bizə bildirdilər ki, “bizim məqsədimiz Şəkidə keçirilən tədbirdə iştirak etmək idi, biz heç kimi tədbirə dəvət etməmişik, sizi Şəki icra hakimiyyəti dəvət etməli idi”. Bizim, “siz axı Prezidentin müvafiq sərəncamı ilə Şəkiyə gəlmişdiniz və Şəkidə tədbirin keçirilməsi Şəki icra hakimiyyətinə yox, sizə tapşırılmışdır, mahiyyət də bundən ibarət idi ki, siz “Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim” edəsiniz, əgər konfransda, Şəkinin aparıcı qəzetinin redaktoru iştirak etməyibsə, nəyin əsasında təkliflər hazırlamısınız?”, sualımıza cavab olaraq isə Mətbuat Şurasının oyuncaq bir qurum olduğunu bildirdilər. Biz isə hesab edirik ki, oyuncaq heç də Mətbuat Şurası yox, əslində şuranı oyuncaq quruma çevirən “oyuncaq” rəhbərliyidir!

 

Aydın Məmmədov,

“İpəkçi” qəzetinin redaktoru,

“Şəkinin səsi” qəzetinin həmtəsisçisi və baş redaktoru.
"İpəkçi" qəzeti

 
 Aşağıda adları göstərilən aparıcı KİV də "İpəkçi" qəzetinin bu baş məqaləsini qismən, yaxud olduğu kimi yaymışlar:
 
Comments