Prezident İlham Əliyev cənablarının Azərbaycan KİV-nin inkişafına dövlət dəstəyi üçün ayırdığı pulu "lotu-potu"lar öz aralarında bölüşdürə-bölüşdürə axırına çıxdılar!!!

21 Ara 2010 12:23 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

  18.12.2010

   Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Iclasda KIV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birdəfəlik yardımların ayrılması məsələsi müzakirə olunub.

Müşahidə Şurasının ötən  iclasında KİV-lərin maddi-texniki durumunu araşdırmaq məqsədilə yaradılmış komissiyanın məruzəsi dinlənilib. Komissiyanın rəyini nəzərə alan Müşahidə Şurası üzvləri Fondun 2010-cu il üzrə büdcəsindən ölkədə tirajı, ictimai rəyə təsiri və stabil dövriyyəsi ilə tanınan 31 qəzet, 8 informasiya agentliyinə birdəfəlik yardımlar göstərilməsi barədə qərar qəbul edib. Qəzet redaksiyaları üçün 3500 manat, informasiya agentlikləri üçünsə 2500 manat birdəfəlik yardımın edilməsi barədə qərar verilib.
Birdəfəlik yardımlar ediləcək qəzet redaksiyaları:
   “Ayna” - “Zerkalo”, “Azadlıq”, “Azərbaycan”, “Azerbaydcanskiye izvestiya”, “Bakinski raboçi”, “Bakı-Xəbər”, “525-ci qəzet”, “Bizim yol”, “Exo”, “Ekspress”,  “Ədalət”, “Həftə içi”, “Xalq cəbhəsi”, “Xalq qəzeti”, “Iki sahil”, “Kaspi”, “Kaspiy”, “Mərkəz”, “Mövqe”, “Novoye vremya”, “Olaylar”, “Palitra”, “Paritet”, “Paralel”, “Respublika”, “Səs”, “Şərq”, “Şərq qapısı”, “Üç nöqtə”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”.
   Birdəfəlik yardımlar ediləcək informasiya agentlikləri: ASSA-IRADA, “Azadinform”,  Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), “Azəri-Press” (APA), “Olaylar”, “Səs”, “Trend”, “Turan”.
   Iclasda Fondun Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri də müzakirə edilib.
   Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 18 istiqamət üzrə elan edilən müsabiqəyə ümumilikdə 74 nəfər jurnalist qatılıb. Hər istiqamət üzrə 3 yazının (2 nəfər respublika miqyaslı KIV redaksiyalarında çalışanlar üçün, 1 nəfər isə region mətbuatında çalışan jurnalistlər üçün) qalib elan edilməsi nəzərdə tutulub. Lakin region KIV-ində çalışan jurnalistlər tərəfindən cəmi 9 istiqamət üzrə yazı təqdim edilib, digər 9 istiqamət üzrə yerlər boş qalıb. V.Səfərli boş qalmış bu yerlərə həmin istiqamət üzrə 30-dan yuxarı bal toplamış jurnalistlərin qalib edilməsi məsələsini müzakirə etməyi təklif edib. Müşahidə Şurası üzvləri verilən təklifi müzakirə edərək boş qalan yerlərə həmin istiqamətlər üzrə yüksək bal toplamış yazıların qaliblər sırasına daxil edilməsi barədə qərar qəbul edib. Beləliklə, 74 jurnalistin qatıldığı müsabiqədə 50 jurnalist qalib olub. Qaliblərdən biri “Azadlıq” qəzetinin əməkdaşıdır.
    Qalan 4 yer isə həmin istiqamətlər üzrə yazı daxil olmadığından və ya yetərli bal toplanılmadığından boş qalıb. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat pul vəsaiti və Fondun diplomu təqdim olunacaq. Təqdimat mərasimi dekabrın 29-da “Gülüstan” sarayında keçiriləcək.                       

Gültəkin

 

İlk müstəqil region qəzetinə  "Şəkinin səsi"nə və Azərbaycanda ilk olaraq Kommunist partiyasının təsisçiliyindən  imtina etmiş və indiyə qədər nəşri davam edən, yeganə fəhlə qəzetinə  "İpəkçi"yə isə yenə də heç nə verilmədi !!!

 
  Əziz və hörmətli, oxucularımız!
   Məlununuz olduğu kimi, "Şəkinin səsi" ilk müstəqil region qəzetidir. Hansı ki onun adı Prezident Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyevin dövlət müşaviri Hidayət Orucovla birlikdə hazırlayıb çap etdirdikləri "Qəsd" kitabında qeyd olunur və göstərilir ki, "1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında baş verən hadisələr zamanı "Şəkinin səsi" sağlam mövqe tutmuş, qanuni yolla seçilmiş Prezidentimizin və Konstitusiyamızın müdafiəsinə yönəldilən yazılarla çıxış etmiş, silahlı müxalifətlərin ifşa olunmasında böyük rol oynamışdır". “İpəkçi” qəzeti isə respublikamızda nəşri indiyə qədər davam etmiş yeganə fəhlə qəzeti və Azərbaycanda müstəqilliyini elan etmiş ilk rəsmi qəzetidir!  (“İpəkçi” qəzetinin 20 il əvvəlki – 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967-1968) saylı nəşrində, V.İ. Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının simvolu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V.İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük hallarda təsadüf edilən nadir bir hadisə idi.) Qürur hissi ilə onu da qeyd etməyimiz yerinə düşər ki, 1990-cı ildə Heydər Əliyevi açıq-aşkar dəstəkləməyə, ona qarşı edilən haqsızlıqlara qarşı çıxmağa cəsarət etmiş cəmi 2-3  KİV-dən biri də məhz "İpəkçi" qəzeti olmuşdur... 
   Amma respublikamızda KİV-nə dövlət yardımından söhbət getdiyi bir vaxtda, “İpəkçi” və “Şəkinin səsi” qəzetlərinə indiyə qədər heç 1 qəpik də verilməyib. Üstəlik, bizim qəzetlərin redaksiya otaqları və redaksiya inventarları da Şəki icra hakimiyyətinin əvvəlki başçıları tərəfindən “müsadirə” edilmiş və bu günə kimi, hələ də geri qaytarılmamışdır!
   Biz "Şəki-İpək" ASC-dən aldığımız 93 manat aylıq məvacibimizin hamısını "İpəkçi"nin nəşriyyat xərcini ödəməyə sərf etməklə bu günlərə qədər onun nəşrini davam etdirsək də, "Şəkinin səsi" qəzetini maddi dəstəyin olmaması səbəbi ilə ötən il iyunun 15-dən sonra bir daha nəşr etdirə bilməmişik. Qeyd etdiyimiz kimi, bizim qəzetlərin, heç bir maddi-texniki bazası, heç bir maddi dəstəyi yoxdur. Möhtərəm Prezidentin KİV-nə dövlət yardımı üçün bu il ayırdığı 1 milyon manatı isə "Iotu-potular" son qəpiyinə qədər öz aralarında bölüşdürdüyündən, bizə, o cümlədən, bizim kimi  ağır maddi durumu olan onlarla digər qəzetə heç 1 qəpik də çatmadı. Biz "Lotu-poti"larla, yəni Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə telefon əlaqəsi saxlayıb bizə nəyə görə pul ayrılmamasını öyrənmək istədik. Bilmək istədik ki, bəlkə bir qəbahətimiz var? Sualımıza cavab verən olmadı, amma  məsləhət gördülər ki, bunu  bilmək üçün onların baş mühasiblərinə müraciət etməliyik?! Baş mühasib isə sadəcə, bildirdi ki, "pul çatmadı"!!! Prezident Administrasiyasından isə bizə maddi ehtiyacımızı ödəmək üçün pullu adamlardan pul  "dilənmək" məsləhət görüldü?! Amma biz heç vaxt heç nə dilənməmişik, heç vaxt da dilənməyəcəyik!!! Biz yalnız haqqımızı tələb etmişik və yenə də haqqımızı tələb edirik. Əgər KİV-lərinə yardım üçün dövlət tərəfindən pul ayrılıbsa, o ədalətlə bölüşdürülməli idi və  bizim də payımız verilməli idi!!! Əgər bizim payımızı yeyirlərsə, bu koorrupsiyadır! Haram xoşları olsun, - bundan başqa nə deyə bilərik daha? Nə edə bilərik, biz də Azərbaycan xalqının bir nümayəndəsiyik, Azərbaycana sel kimi axan neft pullarından yoxsulluq içində çapalayan Azərbaycan xalqına nə pay düşdü ki, Azərbaycan KİV-nə yardım üçün ayrılmış pullardan da bizim qəzetlərə, o cümlədən yeganə fəhlə qəzeti olan "İpəkçi"yə də bir pay düşsün?  
   Hörmətli oxucularınız!
   Sonda, təəssüflə qeyd edirik ki, maddi dəstəyin olmaması ucbatından, biz "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin nəşrini artıq davam etdirə bilmirik, hal-hazırda bu qəzetlərin birgə vida nömrəsi hazırlamaq və həmin nömrədə bu qəzetlərin nəşrinin dayandırılmasını rəsmən elan etmək haqqında düşünürük. 
Aydın Məmmədov,
"İpəkçi" və "Şəkinin səsi" qəzetinin baş redaktoru

Comments