ŞƏKİDƏ MƏDƏNİ İRSƏ LAQEYD MÜNASİBƏT!

21 May 2011 15:39 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 25 Ara 2017 14:45 tarihinde Admin Sheki.city tarafından güncellendi ]
  
  Bu bir danılmaz faktdır ki, Şəki tarixən Azərbaycanın qədim yaşayış məskənlərindən olmaqla, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynamış, xeyli görkəmli şəxsiyyətlər yetirmişdir. Ta qədimdən, bu şəhər “Böyük ipək yolu” üzərində yerləşməklə bir çox səyyahları və tacirləri özünə cəlb etmiş, burada sənətkarlıq boy atmış, ticarət ənənələri formalaşmışdır. Bu ənənələr sonralar daha da genişlənmiş, xüsusi əhəmiyyət kəsb edən dolğun bir sahə – ipəkçilik, meydana gəlmiş, bununla da ticarət əlaqələrinin zənciri daha da böyümüşdür.
    Tarixi məlumatlara görə, əsasən 19-cu əsrdə şəhərimizdə 150-yə qədər xırdalı-irili ipəkçilik manufakturaları fəaliyyət göstərmişdir ki, bunlardan ilk növbədə daha yüksək keyfiyyət  və kəmiyyət göstəriciləri ilə fərqlənəni “Törə Salam” adlı məşhur, xeyirxah tacirin müəssisəsi idi. Həmin rəhmətlik  öz istehsal sahəsinə texniki tərəqqini tətbiq etmək məqsədilə xarici ölkələrdən, əsasən də İtaliyadan dəzgahlar alıb burada quraşdırmaqla, çoxlu sayda insanın əməklə məşğul olmasına şərait yaratmışdır. Deyilənlərə görə, hətta Yaponiyanın ipəkçi mütəxəssisləri belə, bu kişinin müəssisəsində istehsal edilən ipəyə ən yüksək qiymətlər verirdilər.
Sonralar 5 saylı fabrik adlanan Törə Salamın şəhərimizin mərkəzi ərazisində vaxtilə inşa edilmiş müəssisəsi, qədimi memarlıq abidəsi idi. Bu üçmərtəbəl bina bişmiş kərpic və çay daşından çox orijinal üslubda tikilmişdi. Müəssisənin qazanxanasının 30 metr hündürlüyü olan, bişmiş kərpicdən hörülmüş tüstü borusu da vardı. Bəli, vardı Azərbaycana müstəqillik verilənə qədər!
Şəkinin İpəkçilik mərkəzi kimi müstəsna əhəmiyyətə malik rol oynamasında həmin istehsal sahəsi ilə yanaşı “Yanıq məscid”dən azca yuxarı hissədə yerləşən fabrik – sonralar barama çeşidləyici sex, ”Duluslar” məhəlləsindəki 7-ci zavod – 1 saylı fabrik, ”Memarlıq qoruğu” zonasında olan 3 saylı fabrik və “Qışlaq” sahəsində mövcud olan 2 saylı fabrik də bağlandı. Nəticədə böyük bir işsizlər ordusu yarandı. Həm də tarixi əhəmiyyət kəsb edən bu binalar da yaddan çıxdı.
    Bu hələ bir yana qalsın, Törə Salamın fabrik binaları, onun ətrafında sıx şəkildə yerləşən fərdi evlərin sakinlərinin narazılıqlarına, göz yaşları axıtmalarına baxmayaraq, tamamilə uçurdulub dağıdıldı, tariximizə meydan oxuduldu, daha bir memarlıq  abidəsi, qəsdən yox edildi. Yerində iki altımərtəbəli yaşayış binası tikildi. Ədalət naminə deyirəm: Bu nəhəng binalar çox yaraşıqlıdır, zövq oxşayandır, şəhərimizin görkəmini gözəlləşdirib. Kaş belə binalardan Şəkidə çox tikiləydi. Lakin, harada və hansı ərazidə? Şəhərimizin cənub və cənub-şərq hissələrində o qədər boş torpaq sahələri var ki, belə binaların tikintisini həsrətlə gözləyirlər. Daha həmin məlum bina kimi, tikinti-memarlıq qanunlarına, mən belə hesab edirəm ki, zidd olaraq, inşa edilməməlidir. Mövcud qanunvericiliyə görə, hündür mərtəbəli binalar inşa edilərkən ara məsafəsi binanın hündürlüyünün iki mislinə bərabər olmalıdır. Görəsən, həmin binalar inşa edilərkən, kim buna icazə verib, bu işdə şəxsi maraq güdülüb, yoxsa, dövlət marağı? Nə üçün adı çəkilən qanunvericilik aktına əməl edilməyib? Mövcud qayda-qanunun bu dərəcədə pozulmasına, görəsən, kim məsuliyyət daşıyır?
Digər tərəfdən, əgər Törə Salamın yadigarı –    tarixi-memarlıq abidəsi, qorunub saxlanılsaydı, buradakı mövcud avadanlıqlar da yoxa çıxmasaydı, turistlər üçün çox maraqlı baxış obyekti olardı. Belə getsə, yuxarıda adlarını göstərdiyim ipəkçiliyin digər əyani şahidləri olan fabrik binalarını da oxşar acı aqibət gözləyir?!
    Yaxşı olardı ki, aidiyyəti olan dövlət qurumları mərkəzi hakimiyyət orqanları qarşısında fəaliyyətləri dayandırılan bu fabriklərin işə salınması, bunların qismən də olsa bərpa edilmələri üçün məsələ qaldırsın. Nəzərə alınmalıdır ki, şəhərimizə gələn qonaqlar və turistlər ən çox ipəkçiliklə və onunla əlaqədar sənətkarlıq sahələri ilə maraqlanırlar.
Şəhərimizə qədəm qoyan qonaqları və turistləri heyran edən cəhətlərdən biri də buranın qədimi evləri, tikililəri, memarlıq və təbiət abidələridir. Bu baxımdan, Şəki respublikamızın digər şəhərlərindən öz füsunkarlığı ilə seçilir. Xüsusən də “Yuxarıbaş” tarixi-memarlıq qoruğu bu baxımdan çox zəngindir. Heç təsadüfi deyildir ki, hələ Sovet hakimiyyəti dövründə, keçən əsrin 60-cı illərinin axırlarına yaxın bu ərazi “tarix-memarlıq qoruğu” statusuna layiq bilinmiş və hökumət səviyyəsində təsdiq olunmuşdur.
Həmin qoruğun ərazisi, eşitdiyimə görə, ”Dəyirman arxı” çayının F.X.Xoyski küçəsi ilə kəsişdiyi yerdən bu çayın qovuşduğu “Qurcana” çayından başlayaraq ta şərq istiqamətinə sonadək olan sahəni əhatə edir. Mənə məlum olduğuna görə, bu qoruğun ayrıca ştat vahidləri vardır. İndi baxaq görək ştatda olan işçilər ümumiyyətlə qoruğa necə xidmət göstərirlər, onun statusuna necə əməl olunmasına nəzarət və rəhbərlik edirlər, bu sahədə qanun pozuntuları olubmu və olurmu?
    Qoruğu mərkəzi küçəsi olan M.F.Axundov prospekti yaxşısı budur “küçə” adlandıraq ta keçmişdən sənətkarlıq məskəni kimi tanınıb, burada xeyli sənətkarlıq emalatxanaları mövcud olmuşdur. Hazırda isə bir neçə sənətkar fəaliyyət göstərir, əsasən isə müxtəlif təyinatlı ticarət-iaşə obyektlərinin sayı çoxalıb və çoxalmaqdadır. Vəziyyət heç də qaneedici deyil. Belə ki, son vaxtlar həmin obyektlərdə abadlıq və təmir adı altında qətiyyən yolverilməz işlər görülüb. Binaların fasadına bir çox yerlərdə kafel vurulmuş, tikintilərdə işlədilən kərpiclər boya ilə rəngləmiş, divarlar uyğun olmayan rənglərlə boyanmışdır. Bir çox mağazalarda isə hətta plastik materiallardan qapı və pəncərələr qoyulmuşdur. Əgər qoruğun statusunu nəzərə alsaq, bu ərazidə müasir tipli obyektlərin ti-kilməsi və bərpa-təmir işlərinin hər kəsin zövqünə oxşar görülməsi qadağındır. Lakin bundan fərqli olaraq ərazidəki 3 saylı orta məktəbin arxasında, ”Şəhidlər xiyabanı”nın qarşısında müasir üslubda 6-mərtəbəli bina inşa edilmiş və otel kimi fəaliyyət göstərir (Ümumi qəbirstanlığın və Şəhidlər Xiyabanının 3-4 addımlığında nə otel?! Məmm.). Bu, Vətənimiz uğrunda həlak olmuş şəhidlərimizə, belə demək mümkündürsə, hörmətsizliyin bariz nümunəsidir.
    Ərazidə çoxlu sayda memarlıq abidələri – Aşağı Cümə məscidi  (burada vaxtilə Azərbaycanın rəhbəri olmuş, Sovet İttifaqı Ali Sovetinin sədrlərindən biri, görkəmli yazıçı Nəriman Nərimanov şəkililər qarşısında çıxış etmişdir. Amma nədənsə, orada hələ də onun xatirə lövhəsi qoyulmayıb), yuxarı məscid iki və bir aşırımlı tağlı körpülər, Aşağı karvansara və Yuxarı karvansara, tunel tipli körpü, xeyli sayda fərdi yaşayış evləri, Qoç Abbas hamamı, Dərə hamamı, Pendir hamamı, Ağvanlar hamamə vardır.
Baxaq görək bu obyektlərdəki vəziyyət necədir? Qoruğun aşağı sərhədindəki Cümə məscidi binasına kimlərinsə bu abidəyə səhlənkarlığı nəticəsində əlavə tikili calanıb, bu hələ bir yana, məscidin minarəsinə az qala bitişik bir mağaza da tikilib?! Bunlar, məncə, yolverilməzdir. Məscidin yaxın qonşuluğundakı hamam binası tam baxımsız vəziyyətdədir. Ərazidəki o biri hamamların binaları da dözülməz haldadırlar. Aşırımlı tağlı körpülərin vəziyyəti də qeyri-qənaətbəxşdir. Bu körpülər memarlıq abidəsi kimi çox qiymətli və əhəmiyyətlidir. Bunlar həm də keçid rolunu oynayırlar. Bütün qədimi körpülərdə təmir və bərpa işlərinin aparılmasına ciddi ehtiyac var. Ayrıca olaraq qeyd edirəm ki, Sarıtorpaq məhəlləsindəki Gödək minarə məscidinin binası da qəza vəziyyətindədir. Burada son günlərə qədər uşaq bağçası fəaliyyət göstərirdi. Hazıra bağça başqa ünvana köçürülüb.
Təəccüblüdür,  əksər tarixi və memarlıq abidələrinin divarlarına “Abidə dövlət tərəfindən qorunur” sözləri yazılmış lövhələri vurulub. İstər-istəməz belə bir sual meydana çıxır: görəsən, şəhər mədəniyyət və turizm şöbəsi, Şəki Tarix-Memarlıq qoruğunun rəhbərlikləri bu gurultulu sözü necə başa düşürlər?
Başqa sözlə, bu təşkilatlar, görəsən, həmin məsələ barəsində   aidiyyəti dövlət qurumları qarşısında məsələlər qaldırıblarmı, bunların həllinə qismən də olsa nail olmaq qabiliyyətinə malik olublarmı?
    Daha bir giley-güzar: nəhayət ki, təmir-bərpa işlərinə başlanmış “Aşağı karvansara” kimi möhtəşəm memarlıq abidə binasının üzbəüzündə yerləşən qədimi birmərtəbəli kərpic tikililər, demək olar, təzəcə təmir olunaraq istifadəyə verilmişdir. Eşitdiyimə görə, bu tikililər ANZ şirkətlər qrupuna məxsusdur. Bu tikililər bərpa olunarkən bunların altında yerləşən 130 metrə yaxın uzunluğu olan Tağılı tuneli bir hissəsi, mənə  məlum olduğuna görə, işlərin düzgün aparılmamağı ucbatından uçulub dağıdılmışdır. Görəsən, bu amilə göz yumulacaqmı, yoxsa can yandırılacaqdır?
    Xatirəmdədir, gərək ki, 1985-ci ilin may ayı idi. Mən Aşağı karvansara binasında fəaliyyət göstərən 91 saylı texniki məktəbin direktoru vəzifəsini daşıyırdım. Bir gün Azərbaycan KP MK-nın katibi, sonralar respublikamızın xarici işlər naziri olmuş hörmətli cənab Həsən Həsənov abidəyə baxış məqsədilə buraya gəlmişdir. Şəkinin o vaxtkı rəhbərı Hadı Rəcəbov da onunla idi. Həsən müəllim bina ilə ətraflı maraqlandı, bunu memarlıq incisi adlandırdı, öz əvvəlki görkəmində və statusunda saxlanmaqla təcili hazırlıq işlərinə başlanılıb lazımi sənədləri MK-ya  çatdırılmasını tapşırdı və söz verdi ki, binada təmir-bərpa işlərinə başlamasına yardımını, köməyini əsirgəməyəcəkdir. Axırda da  belə dedi: “Şəki ya Kürdəmir deyil, ya Saatlı ya da İmişli, o, Vətənimizin təkrarolunmaz incisidir, onu əcdadlarımızın bizə yadigar qoyduqları tərzdə qoruyub saxlamaq və gələcək nəslə ötürmək, təhvil vermək hamımızın ülvi borcudur”. Şəkimizin tarixi şəhər olduğunu bir dəfəlik hamımız təsdiq etməliyik və bununla millətimiz qürur hissi duymalıdır.
Vaxtilə mənim də şərq şirniyyatı ustası işlədiyim yeyinti sənaye kombinatının yerləşdiyi tarixi memarlıq abidəsi sayılan Yuxarı karvansara binası əsaslı təmir-bərpa işlərindən sonra bu gün müba-liğəsiz deyə bilərəm ki, dünyanın hər guşəsindən buraya təşrif buyuran bütün əcnəbiləri heyran edir. O gün uzaqda deyil ki, Aşağı karvansara da xeyir-xah, namuslu, vicdanlı, ürəkləri vətən eşqi ilə döyünən əsil şəkililərin zəhməti ilə möhtəşəm memarlıq abidəsi kimi buraya gələnlərin üzünə qapılarını səxavətlə açacaqdır.
Adı dillər əzbəri olmuş Şəki Xan sarayından sonra ikinci mühüm əhəmiyyət kəsb edən memarlıq abidəsi Otaq eşiyi məhəlləsindəki Şəkixanovların evidi. Lakin çox təəssüflər olsun ki, baxımsızlıq sayəsində Xan sarayının əkiz qardaşı sayılan bu binaya münasibət arzuolunmazdır (Şəkixanovların evi Şəki xan sarayından əvvəl tikilib,  – Məmm.). Hörmətli prezidentimiz cənab İlham Əliyev və Mehriban xanım Əliyeva 2 il bundan qabaq Şəkidə olarkən Şəkixanovların evini də  ziyarət etmişdilər. Binanın təmir-bərpa işlərinin aparılmasının zəruri olduğunu irəli sürmüşlər. Gözləmək olardı ki, nəhayət, şəhərimizin başbilənləri təcili qollarını cırmayıb bu abidənin əvvəlki görkəmini özünə qaytaracaqlar. Lakin çifayda, göstərişə əməl olunmur.
Şəki Xan sarayının “əkiz qardaşı”ndan biri də şəhərimizin mərkəzi ərazisində – Nizami küçəsin-dədir. Həmin binanı 1806-cı ildə rəhmətlik hacı İbrahim öz şəxsi malikanəsi kimi tikdirib. Hazırda burada onun nəsil davamçıları olan iki ailə yaşayır. Sanki, Şəkidə bu cür memarlıq tikilisi yoxdur, aidiyyəti təşkilatlar bura ilə qətiyyən maraqlanmırlar. Binanın üst örtüyü bərbad vəziyyətdədir. Bir sözlə, binanın təmir-bərpa işlərinə çox ciddi ehtiyac  var.
     Yuxarıda artıq qeyd etmişdim ki, şəhərimizdə buraya gələn qonaqlara və turistlərə göstəriləsi xeyli sayda milli memarlıq binaları var.  Di gəl bun ki, bunlara əsasən, olduqca laqeyd, biganə münasibət göstərilir. Əlaqədar cavabdeh təşkilatlar, mənə belə gəlir, elə zənn edirlər ki, Xan sarayını, Yuxarı karvansaranı, Marxalı Norveç dövlətinin hesabına təmir-bərpa edilən Kiş kəndindəki Həvari kilsəsəini və başqa daha bir-iki yeri qonaqlara göstərməklə vəzifələrini bitmiş hesab edirlər. Xeyr, belə deyil! Onlar birdəfəlik bilməlidirlər ki, Şəkidə xeyli sayda milli memarlıq abidələri var və bunların hamısı barədə bütün qonaqlara, turistlərə bunları göstərməklə məlumat verməlidirlər. Qoy hamı bilsin ki, Azərbaycan, onun bir parçası olan Şəki necə zəngin mədəni irsə malikdir və bu irsi necə qoruyub saxlayır. Axı, bu, millətimizin tarixidir!
Vaxtilə, Azərbaycan Respublikasının Mədəniy-yət Nazirliyi tərkibində struktur dəyişikliyi edilmiş və bu nazirliyin yerində Mədəniyyət və Turizm Nazirliyi təsis olunmuşdur. Buna müvafiq olaraq yerli şəhər və rayon mədəniyyət şöbələri də mədəniyyət və turizm şöbələrinə çevrilmişdir. Lakin, nədənsə, struktur dəyişiklərinə müvafiq olaraq ötən illər ərzində yerlərdə islahatlar aparılmışdır, əvvəlki mədəniyyət şöbələri müdirləri öz vəzifələrini icra etməklə davam etmişlər. Hesab edirəm ki, şəhərimizin timsalında tarix  və mədəniyyət abidələrinin əksəriyyətinə biganə yanaşmağın məğzi, nöqsanı elə bundadır.
Yaxşı olardı ki, yerli mədəniyyət və turizm şöbələrində müdirin müavini səviyyəsində turizm üzrə mütəxəssis nəzərdə tutulardı. Bu şöbədə hazırda turizm üzrə heç bir mütəxəssis yoxdur. Belə olan təqdirdə hansı peşəkarlıqdan, bu sahəyə hansı canıyanarlıqdan danışmaq olar?
     Məlumdur ki, Prezidentimizin sərəncamı ilə “2009 – 2015-ci illərə dair Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramı təsdiq edilmişdir. Artıq 2 ildən çox müddət arxada qalmışdırsa da, Şəkidə demək olar, heç bir irəliləyiş əldə olunmamışdır. Niyə? ona görə ki, Şəki mədəniyyət və turizm şöbəsində qeyri-peşəkar kadrlar “fəaliyyət” göstərirlər.
Unutmamaq lazımdır ki, Şəki turizm şəhəridir, respublikamızın məşhur turizm məkanıdır, buraya gələn turistlərin və qonaqların sayı digər məkanlardan çox fərqlənir. Ona görə də vacibdir ki, Şəki də turizmin inkişafı istiqamətində görülən işlər sürətləndirilsin və beynəlxalq standartlar  səviyyə-sinə qaldırılsın. Şəkinin aidiyyəti üzrə məsul olan təşkilatları yuxarıda sadaladığım xüsusiyyətləri nəzərdən keçirməklə yəqin ki, bunlar barədə əməli, işgüzar  tədbirlər görəcəklər.
Şəhərimizə gələn qonaqlar, turistlər əsasən, sənətkarlıq nümunələri, tarixi-memarlıq abidələri ilə yaxından tanış olmaq, müfəssəl məlumatlar əldə etmək istəkləri ilə yanaşı, eləcə də axşamlar asudə vaxtlarının səmərəli keçməsi üçün yer axtarışında olurlar. Bu da təbiidir. Açıq deyirəm: Şəki bu sarıdan üzüqaradır. “Mədəniyyət və istirahət parkı” adı altında şəhərimizdə guya dörd belə məkan var. Hörmətli “İpəkçi” qəzetinin ötən sayında mənim M.F.Axundov adına “Mədəniyyət və İstirahət parkı” barəsində ürəkağrıdıcı mülahizəm getmişdir. Hər halda hesab edirəm ki, bu, obyektiv, danılmaz faktlara əsaslanır və heç kim də bunu inkar edə bilməz.
İzdihamlılığına görə şəkililərin ən çox ürəklərinə yatan istirahət ocağı M.Füzuli adına park idi. Bəli, keçmişdə şəhərimizin mərkəzi hissəsində belə bir park vardı – güllü-çiçəkli, təmiz, səliqəli. Buradakı min bir zəhmətlə başa gətirilən azı 500 nəfərlik oturacaq yeri olan əl oyunları stadionunda idmanın voleybol, basketbol, stolüstü tennis, güləş üzrə nəinki şəhər, habelə respublika yarışları keçirilərdi, burada hətta, mötəbər şəxslərlə vətəndaşların görüşləri təşkil olunardı. Mən hələ attraksionları demirəm. Parkdakı geniş yay salonunda müntəzəm olaraq respublikamızın məşhur elm, mədəniyyət və incəsənət xadimləri çıxış edərdilər, konsert və teatr tamaşaları verərdilər. Nakam adına kitabxananın parkda ayrıca qiraət guşəsi də yaradılmışdır...
    Bu sadaladıqlarım əyləncə yerlərindən indi heç nə yoxdur. Başqa sözlə, əl oyunları stadionu sökülüb, yerində özəl avtomobil dayanacağı yaradılıb, yay salonu, əsil mənada zibilxanaya çevrilib, qiraət guşəsi göyə sovrulub. Ədalət na-minə qeyd edirəm ki, parkda bu yaxınlarda qismən də olsa abadlıq işləri aparılıbsa da, amma bu da qaneedici hesab oluna bilməz. Yaraşıqlı hovuz yoxa çıxıb, yenə güllüklərdən, çiçəkliklərdən əsər-əlamət yoxdur. Yaxşı əlamət olardı ki, bu parkın, deyilənlərə görə, filialı adlandırılan, mərhum şair B.Vahabzadənin büstünün qoyulması ilə əlaqədar gediş-gəliş yerləri xeyli abadlaşdırılan “Pensiyaçılar parkı” kimi tanınan xiyabana bir əl gəzdirilsin, burada da güllüklər salınsın, hovuzdakı musiqili fəvvarə yenidən işə salınsın.
Bir daha xatırlatmaq istəyirəm ki, keçən əsrin 90-cı illərinin ortalarında Yeni Azərbaycan Partiyası Şəki Şəhər Təşkilatının təşəbbüsü ilə Şəki Şəhər İcra hakimiyyəti 20 Yanvar küçəsinin aşağı hissəsində, polis şöbəsi binası ilə üzbəüz mənzərəli ərazidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının salınması barədə sərəncam vermişdir. Eşitdiyimə görə, işlərin daha tez getməsi, parkın daha mükəmməl görünüşdə olması üçün ayrıca fond da yaradılmışdır və ayrı-ayrı təşkilatla müəssisələr bu fondun hesabına xeyli miqdarda pul vəsaitləri də köçürmüşdülər. Üstəlik, təmənnasız iməciliklər də keçirilirdi. Həmin ərazidə hətta Heydər Əliyevin və İlham Əliyevin metal lövhələr üzərində iri portretləri də qoyulmuşdur. Sonralar şəhər icra başçısı olan Nazim İbrahimov təzəcə başlanılan tikililəri, basdırılan ağacları ləğv etdirdi, portretləri sökdürüldü, ərazini işbazlara verdirdi, onlarda bu yerlərdə özlərinə fərdi obyektlər tikdirdirdilər. Beləliklə də nəzərdə tutulan Heydər Əliyev parkı mərkəzi ərazidən keçirildi şəhərin ucqarına, necə deyərlər, əlçatmaz, gözgörməz yerə. Bu parkda tədbirlər təşkil ediləndə isə idarə, təşkilatların kollektivlərini, məktəbliləri ora aparmaq üçün   xüsusi avtobusların ayrılması tələb olunur və Şəki camaatının böyük əksəriyyəti yolun uzaqlığına və nəqliyyat xərcinə görə həmin  parka gedə bilmir. 
Bayram Mahmudov,
Şəki şəhər sakini, təqaüdçü
Comments