Fətəli xan Xoyskinin bacısının qəbrini yer üzündən silməyə cəhd etməsi, Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinə uğursuzluq gətirdi! >>

24 Tem 2010 14:12 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Ötən sayımızda məlumat verdik ki, Şəki “Xan qəbristanlığı”nda, Fətəli xan Xoyskinin bacısının qəbri üzərindəki sağlam başdaşı Şəki Mədəniyyət və Turizm şöbəsi tərəfindən götürülmüşdür. Bu hadisəni, qəbri və Fətəi xan Xoyski ilə bağlı Şəki şəhərindəki bütün  izləri qəsdən itirməyə cəhd kimi qiymətləndirərək tələb etdik ki, başdaşı təcili olaraq öz yerinə qaytarılmalıdır! Lakın Şəki Mədəniyyət şöbəsi bizim tələbimizi yerinə yetirmədi, guya ki başdaşını təkrarən öz yerində dikəltmək üçün yarım vedrə “sement” deyilən bir şey lazımdır və bu “sement” deyilən, adını eşitdiyimiz, üzünü isə görmədiyimiz şeyin yarım vedrəsi o qədər baha imiş ki, Şəki Mədəniyyət və Turizm şöbəsi onu əldə etmək iqtidarında deyil?!
    Bu arada Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən təftişə məruz qaldı. Nəticədə, şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə kassadan nağd pul vəsaitlərin əsassız olaraq silinməsi faktları aşkar edildi və şəhər mədəniyyət və turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə,  “araşdırma zamanı ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxarılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq kassadan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun kassaya mədaxil olunmaması (ümumilikdə 1 milyon 481 min 840 manat) aşkar edilmişdir.
    Bundan başqa, müxtəlif hüquqi və fiziki şəxslərdən büdcə vəsaiti hesabına alınması rəsmiləşdirilmiş inventar, avadanlıq və mal-material qiymətlilərinin mədaxil edilməməsi və həmin materialların faktiki varlığının müəyyən olunmaması səbəbindən 849 min 592 manat məbləğində çatışmazlıq, balansda olmayan nəqliyyat vasitələrinə, habelə şöbənin işçisi olmayan şəxslərin adına rəsmiləşdirilməklə 34 min 906 manat dəyərində yanacağın artıq silindiyi, elektrik enerjisi haqqının bir sıra mədəniyyət obyektləri üzrə sayğac göstəricilərinin çox göstərilməsi səbəbindən 54 min 228 manat artıq ödənildiyi və sair müəyyən olunub.
    Göstərilənlərlə yanaşı, şöbə üzrə 2007-2009-cu illərdə müxtəlif müəssisələr tərəfindən yerinə yetirilməsi sənədləşdirilən 188 min 101 manat dəyərində, cari və əsaslı təmir işlərindən 153 min 586 manat dəyərində təmir işlərinin sənədli və nəzarət-ölçü qaydasında auditi ilə icraçılar tərəfindən iş həcmlərinin 135 min 892 manat şişirdilməsi müəyyənləşib.
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlə-rindən sui-istifadə, vəzifə saxtakarlığı və onlara etibar edilmiş külli miqdarda dövlət əmlakının mənimsəmə və israf etməklə talama cinayətlərinin əlamətləri olduğundan, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179. 3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən davam etdirilir”.
Deyilənlərə görə, Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov ümumiyyətlə, heç bir maliyyə pozuntusuna yol vermədiyini bildirməkdə və bütün pozuntuların, ona qədər, yəni onun 2008-ci ildə Mədəniyyət Şöbəsinə müdir təyin edilməsinədək baş verdiyini göstərməkdə israr edir. Əlavə edək ki, o, daha əvvəllər 1992-ci ildən 2008-ci ilədək şəhər 2 saylı musiqi məktəbinin direktoru vəzifəsində işləmişdi.
 
 
"İpəkçi" qəzeti
Comments