Gəncədən Şəkiyə 150 min ədəd tut tingi gətirilmişdir

13 Oca 2012 17:05 tarihinde Aydin Salis tarafından yayınlandı

Ötən ilin sonunda Gəncədəki Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutundan “Şəki-İpək” ASC-nə 150 min ədəd yüksək keyfiyyətli tut tingləri gətirilmiş və onlar müəssisənin uzun müddətə icarəyə götürdüyü tut plantasiyalarında əkilməyə başlamışdır. Məlumat üçün əlavə edirik ki,  “Şəki-İpək” ASC  bir xüyli vaxtdır ki Şəki rayonunun müxtəlif yerlərində 117 hektar ərazidə toxmacar bağlarının salınması və tut ağaclarına qulluq edilməsi ilə məşğuldur. Bunun üçün 40 nəfər işçi ayrılmışdır və onlar müəssisədən öz zəhmətlərinin müqabilində əməkhaqqı alırlar.

Biz kümdarların baramaqurdu bəsləmələri üçün pulsuz yemlə təmin edirik, hətta  30 dənə dəmir konstruksiyalı kümxanalarımız da var və onları da pulsuz olaraq kümdarların istədiyi yerdə quraşdıra bilərik, yalnız üstünü özləri örtməlidirlər, hər birində bir mövsümdə 2 qutu (40 qram) baramaqurdu bəsləmək imkanı var,  təki barama yetişdirməklə məşğul olsunlar – deyə,  “Şəki-İpək” ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayev məlumat verir və əlavə edir ki, - Gəncədən gətirilmiş tut tingləri üçün  1 qəpik belə pul ödənilməmişdir, bizim müəssisə ilə İpəkçilik İnstitutu arasında sıx əlaqələr var, qarşılıqlı əməkdaşlıq edirik,  həmin səbəblərdən də bu tinglər institut tərəfindən bizə hədiyyə edilmişdir.

Aydın Məmmədov

Comments