“İPƏKÇİ” VƏ “ŞƏKNİN SƏSİ” QƏZETLƏRİNİN NƏŞRİ DAYANIR!

5 May 2011 11:35 tarihinde Aydin Salis tarafından yayınlandı
 
  26 aprel 2011-ci il,  "İpəkçi" №3(2277), "Şəkinin səsi" №1(437)
  
   Hörmətli oxucularımız. Bu Azərbaycanda nəşri indiyə qədər davam etmiş sonuncu fəhlə qəzetinin –“İpəkçi”nin və ilk müstəqil region qəzetinin – “Şəkinin səsinin” birgə vida nömrəsidir! Necə ki əvvəlki saylarımızda belə bir  buraxılış üzərində düşündüyümüzü bildirmişdik və göstərmişdik ki, qəzetlərimizin üzləşdiyi ağır maddi durum, dövlət tərəfindən qəzetlərimizə heç bir yardım göstərilməməsi, əvəzində dövlət tərəfindən Sovet hakimiyyətindən qalan redaksiya ofislərimizin və inventarlarımızın əlimizdən alınması və geri qaytarılmaması bu qəzetlərin nəşrinin davam etdirilməsinə imkan vermir. Bu barədə həm də əlavə olaraq rəsmi məktubla Şəki İcra Hakimiyyəti başçısına, Azərbaycan Respublikası Prezidentinə, Prezident Administrasiyasının rəhbərinə müraciət etmişdik,  lakin necə ki,  siz oxucuların şikayətlərinə heç kim baxmır, ən yaxşı halda, olsa-olsa,  sizi qane etməyən izahat verilir,  eləcə də bizim müraciətlərimiz də nəticəsiz qalmışdır.
    Biz Azərbaycan dövlətçiliyini, Prezidenti dəstəkləyirdik, korrupsiyanı və bu korrupsiyanı cəzasız qoyan cinayətkar məhkəmə-hüquq sistemini ifşa etməyə çalışırdıq, camaatın ürəyindəki sözləri qəzet səhifələrimizdə dərc edirdik, bu dövrdə heç kimin saymadığı zəhmətkeş sinfin hüquqlarını müdafiə edirdik, fəhlələrin şəkillərini məmurların şəkillərindən böyük  ölçüdə qəzetimizə yerləşdirməklə onlara sevinc bəxş etməyə çalışırdıq. Vətən tarixi də bizim qəzetlərin daima əsas mövzusu olmuşdur,  Vətən tarixinin öyrənilməsi cəhətdən böyük əhəmiyyət kəsb edən neçə-neçə elmi-tarixi məqalə, rus və fars dilindən edilmiş tərcümələr ilk dəfə bizim qəzetlərdə dərc edilmişdir.
   Bizim qəzetlər Şəki şəhərindəki qəzet köşklərində satışa çıxarılan yeganə yerli qəzet  və bu şəhərdə ən çox yayılan və oxunan qəzet idi..
Lakin bu qəzetlərdən bizə nəinki 1 qəpik gəlir gəlməyib, hətta onların bir sayının nəşr olunması üçün tələb olunan minimum məbləğ  də bizim aylıq əmək haqqımızdan 50 % çox olub. Buna görə bəyan edirik ki, bu qəzetlərin nəşrinin davam etdirilməsi artıq bizim maddi imkanımız xaricindədir. Yəni maliyyə dəstəyinin olaması səbəbi ilə “İpəkçi” və “Şəkinin səsi” qəzetlərinin nəşrini davam etdirə bilməyəcəyik.
Aydın Məmmədov,
"İpəkçi" və "Şəkinin səsi" qəzetinin baş redaktoru,
Açıq kataloq Layihəsinin (Open Directory Project) Azərbaycan, özbək, türkmən, uyğur, qırğz, başqırd, tatar dillərindəki saytlar  üçün bütün kateqoriyaların və ingiliscə “Azerbaijan”, kateqoriyasının redaktoru
 



 

Həmçinin bax:

Comments