Iyulun 10-da Şəki şəhərində Azərbaycan milli mətbuatının 135 illik yubileyi çərçivəsində sayca dördüncü “məxfi” tədbir keçirilmişdir >>

Tamamilə “məxfi”  şəraitdə, bölgənin və Şəkinin aparıcı  KİV-nin təmsil olunmadığı, o cümlədən, bizim – “İdəkçi” və “Şəkinin səsi” qəzetləri redaksiyalarından heç kimin dəvət olunmadığı həmin tədbir barədə Lent.az saytı aşağıdakı informasiyanı yaymışdır: 

    Lent.az-ın məlumatına görə, Şəkidə “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda baş tutan konfransda Prezident Administrasiyasının rəsmiləri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Şəki və ətraf bölgələrdə fəaliyyət göstərən mətbu nəşrlərin redaktorları, ictimaiyyət nümayəndələri və yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər.
    Şəki şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı belə bir tədbirin Şəkidə baş tutmasını rayonun ictimai həyatında əlamətdar hadisə kimi dəyərləndirib: “Hazırda Şəkidə 6 mətbuat vasitəsi işıq üzü görür. Düşünürəm ki, rayonda media sahəsindəki ab-hava gələcəkdə daha da canlanacaq”.
   Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında dövlət başçısının Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələn məsələlər barədə məlumat verib. O, yubiley konfranslarının iyulun 22-dək keçiriləcəyini, daha bir neçə bölgəni əhatə edəcəyini bildirərək tədbirlərdəki ictimai aktivlik dərəcəsini medianın cəmiyyətdəki yeri və roluna bəslənilən əhəmiyyətli münasibətin nümunəsi kimi dəyərləndirib.
   “Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər” mövzusunda məruzə edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mediasının inkişaf xüsusiyyətlərindən söhbət açıb: “Həsən bəy Zərdabinin yaratdığı mətbu ənənəsi əslində sonrakı dövr jurnalistikamız üçün bir növ cığır yaratmış oldu. “Əkinçi” məktəbinin müdavimləri intibah dövrü adlandırılan XX əsrin əvvəllərində “Şərqi-Rus”, “Həyat”, “Kaspi”, “Molla Nəsrəddin”, “Zənbur” kimi indinin özündə də heyrət doğuran qəzet və jurnalları ərsəyə gətirdilər. Bu nəşrlərin rəhbərləri bir qayda olaraq uğurlarının “Əkinçi” ənənələrindən qaynaqlandığını vurğulayırdılar. Bu mənada mətbuatımızın şah əsəri sayılan “Molla Nəsrəddin” jurnalı xüsusi qeyd edilməlidir. Çar Rusiyasının süqutuna doğru mətbuat istiqlal ideyalarının carçısına çevrilmişdi. Cəmi 43 il ərzində belə bir missiyanın daşıyıcısı olmaq böyük uğur idi və mətbuatımız bunu bacarmışdı”.
    Ə.Amaşov 1920-ci ilin 28 aprel işğalından sonra Azərbaycanda sərt qadağalar, açıq fikrə, obyektiv mövqeyə görə təzyiq və təqiblər mərhələsinin başlandığını və bu dönəmin totalitar sovet rejiminin mahiyyətindən irəli gələn yaşantılarla xarakterizə olunduğunu vurğulayıb: ”Lakin bu mərhələni mediamızın durğunluq dövrü saymaq düzgün deyil. Bu illərdə də həqiqətləri olduğu kimi yazmağa meylli gənclərin yeni nəsli yetişməkdə idi. Onlar XX əsrin sonlarına doğru azadlıq uğrunda mücadilənin ön sıralarında dayanıblar, ərazi bütövlüyümüz uğrunda canlarını əsirgəməyiblər, müstəqil nəşrlərimizin yaradılmasında cəsarət və istedad nümunəsi göstəriblər”. Şura sədri həmin mərhələnin xüsusi elmi araşdırmaya ehtiyacı olduğunu deyib. Ə.Amaşov məruzəsində həmçinin ölkədə müstəqillik illərində medianın inkişaf xüsusiyyətlərindən, üzləşdiyi çətinliklərdən, problemlərinin həlli istiqamətində dövlət səviyyəsində gerçəkləşdirilən tədbirlərdən söhbət açıb.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ölkə prezidentinin Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə sərəncamı dövlətin media sahəsində məqsədyönlü və ardıcıl siyasi xəttinə dair növbəti bariz nümunəsidir. Ötən illərlə müqayisə bu xəttin daha da genişlənməkdə olduğunu göstərir. “Düşünürəm ki, media ictimaiyyətimiz bundan nəticə çıxarmalı, öz fəaliyyətini gücləndirərək adekvat münasibətini ortaya qoymalıdır”, - deyən V.Rəhimzadə diqqəti Mətbuat Şurasının ölkədə media sahəsindəki tənzimləməni nəzərdə tutan fəaliyyəti ilə bağlı konkret faktlara çəkib.
   MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Azərbaycan mətbuatında bir sıra problemlərin hələ də mövcudluğunu bildirib. O, son illər jurnalistikadakı bəzi mühüm çətinliklərin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirərək bu kimi toplantıların Azərbaycan mediasının həqiqi simasının cəmiyyətə çatdırılması baxımından əlamətdar səciyyə daşıdığını vurğulayıb.
   Çıxış edənlərdən “Şəki” qəzetinin redaktoru Akif Salamov, “Balakən” qəzetinin redaktoru Mürsəl Mikayılov, Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru Nadir Atakişiyev, “Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynov, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov diqqəti Azərbaycanda media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif çalarlarına yönəldiblər.

Comments